“Bunun adı psixoloji işgəncədir, SOCAR kadr siyasətini formalaşdıranlar! Bu, rastlaşdığım birinci hal deyil . Qohumlarınıza qıymadığınızı niyə başqalarına rəva görürsünüz?”
Bakıvaxtı.az xəbər verir ki, bunu "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
M.Qəhərmanlı qeyd edib ki, SOCAR vətəndaşı proqramdan kənarlaşdırmaq istəyir: “Mehriban Əhmədova 1983-cü ildən Siyəzən 3 saylı Texnoloji Nəqliyyat idarəsində çalışıb. 2021-ci ilin iyulundan ixtisara salındığı barədə bildiriş verilib və onu Proqrama qoşublar. Müddət ərzində Siyəzəndə yaşayan M. Əhmədovaya Neftçilər Klubu İB-dən 6 dəfə iş təklifi gəlib. Bakı , Sumqayıt, Xızı, Qobustan, Lökbatan, bu gün də Pirallahı qəsəbəsində iş təklifi olunan M. Əhmədovanın müxtəlif qurumlara yazdığı şikayət ərizələrinə cavab verilir ki, xanıma dəfələrlə iş təklif etmişik, getmir. Ardınca SOCAR İR-dən ona xəbərdarlıq da olunub ki, sizə dəfələrlə iş təklifi olunub, yenə imtina etsəniz proqramda iştirak hüququnuz ləğv olunacaq”.
İB sədri qeyd edib ki, çox güman vətəndaşa növbəti iş təklifi Lənkəran, Beyləqan, Naxçıvan, hətta ola bilsin ki, Şəki və s. rayonlardan gəlsin: “İxtisara salınmış işçinin təqaüd yaşına iki il qalıb. Bütün ailələr kimi, banklara borcu var. Mehriban Əhmədova 14.02.2022-ci il tarixində ölkə başçısına məktub göndərib. Həmin məktubda təklif olunan iş yerləri və Siyəzənlə bu iş yerləri yerləşən şəhərlər arasındakı məsafə də göstərilib. Bu gün xanıma, Siyəzəndən 150 km aralı olan Bakının Pirallahı rayonunda iş təklif olunub”.
Nuranə Daxilqızı
















