ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), Günəşi daha dərindən araşdırmaq üçün yeni bir kosmik missiyaya hazırlaşır.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məılumata görə, NASA, PUNCH (Korona və Heliosferi Birləşdirəcək Polarimetr) adlı layihə çərçivəsində dörd mini peyk orbitə göndərəcək. Bu peyklər Günəşin xarici atmosferini – koronanı süni günəş tutulması vasitəsilə yüksək dəqiqliklə tədqiq edəcək.
Mütəxəssislərin sözlərinə görə, Dünya Günəşə yaxın olsa da, alimlər hələ də onun iş prinsipinə dair bəzi vacib suallara cavab tapa bilməyiblər. Əsas məsələlərdən biri Günəşin səthi ilə müqayisədə xarici atmosferinin (koronasının) niyə daha isti olmasıdır. Bundan əlavə, günəş küləklərinin necə əmələ gəldiyi və kosmosda necə sürətləndiyi də alimləri maraqlandıran əsas mövzulardandır.
NASA-nın bu missiyası kosmik hava şəraitini və onun Yerə, həmçinin orbitdəki texnologiyalara təsirini daha dəqiq öyrənməyə imkan verəcək. Süni tutulma zamanı koronanın indiyə qədər ən detallı görüntüləri əldə olunacaq.
NASA-nın yaydığı açıqlamada bildirilir ki, PUNCH peykləri sayəsində Günəşdən qopan və Yerə çatan plazma axınlarının necə formalaşdığı daha yaxşı anlaşıla biləcək. Bu da kosmik fırtınaların Yer və insan fəaliyyəti üçün yaratdığı riskləri daha dəqiq proqnozlaşdırmağa kömək edəcək.
Tarixi buraxılış 27 fevralda Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından həyata keçiriləcək. SpaceX şirkətinə məxsus Falcon 9 raketi PUNCH peyklərini Yer orbitinə daşıyacaq.
Nuriyyə Musayeva