NATO Rusiyaya məxsus dronların iki gün əvvəl Polşanın hava məkanına pozmasına cavab olaraq “Şərq Keşikçisi” (Eastern Sentry) əməliyyatına başlayacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte və Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı (SACEUR) general Aleksus Qrinkeviç birgə mətbuat konfransında məlumat veriblər.
Əmliyyatın məqsədi NATO-nun şərq cinahının gücləndirilməsidir. Yaxın günlərdə start götürəcək əməliyyata müttəfiqlərin müxtəlif hərbi vasitələri cəlb olunacaq və ənənəvi imkanlarla yanaşı, yeni texnologiyalardan da istifadə ediləcək. Buraya xüsusən dronlarla bağlı təhlükələrin qarşısını almağa yönəlmiş sistemlər də daxildir. “Şərq Keşikçisi” mövqeyimizi daha çevik və güclü edəcək”, - deyə Rutte bildirib.
Rusiyanın şərq cinahı boyunca bu cür hadisələri daha tez-tez törətməyə başladığını vurğulayan Baş katib qeyd edib: “Baş verənlər NATO hava məkanının ən böyükmiqyaslı pozuntularından biri olsa da, təcrid olunmuş hadisə deyildi. Rusiyanın şərq cinahımız boyunca havadakı məsuliyyətsizliyin tezliyini artırır”.
M.Rutte NATO-nun əsas vəzifəsi olan təcavüzü çəkindirmək və hər bir müttəfiqi müdafiə etmək prinsipinin şərq cinahının qorunmasının əhəmiyyətini bir daha önə çəkdiyini vurğulayıb: “Buna görə biz səkkiz ölkədə irəlidə yerləşdirilmiş quru qüvvələri saxlayırıq, bütün müttəfiqlər bu kontingentlərə töhfə verir. Lazım gəldikdə mövcudluğumuzu artırmağa dair planlarımız da var”.