Moskvanın Basman məhkəməsi Rusiya müdafiə nazirinin müavini Timur İvanovun işi üzrə şübhəli bilinən üçüncü şəxsin də həbsi barədə qərar çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, Timur İvanovun işində üçüncü şəxs olan Aleksandr Fomin rüşvət verməkdə ittiham olunur. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi ilə ittiham irəli sürülüb.
İstintaq hesab edir ki, Aleksandr Fomin mütəşəkkil qrupun tərkibində Timur İvanova və iş adamı Sergey Borodinə "təmirlə bağlı malların, işlərin və xidmətlərin haqqını ödəmək öhdəliyindən azad olmaq şəklində əmlak xidmətləri göstərib".
Aprelin 24-də Moskvanın Basman məhkəməsi Timur İvanovu 1 milyon rubldan çox rüşvət almaqda ittiham edərək iki ay müddətinə həbs edib. İvanov günahını boynuna almır.
Eyni zamanda, məhkəmə rüşvət almada şəriklikdə ittiham olunan Sergey Borodini də həbs edib.
İstintaqın versiyasına görə, Timur İvanov və Sergey Borodin Müdafiə Nazirliyinin müqavilələri ilə korrupsiya sxemində iştirak ediblər. Timur İvanovun işi ilə bağlı Rusiyanın bir sıra regionlarında axtarışlar aparılır.