“Bəyaz Diş Gənclik" MMC-nin əmlakını mənimsəməkdə təqsirləndirilən Nigar Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş şəxsin vəkili Vüqar Əliyev təqsirləndirilən şəxsin barəsində seçilən qətimkan tədbirin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Bildirib ki, cinayət işinin istintaqı bir ildən çox davam edib. Bu müddət ərzində ziyanın çox cüzi hissəsi ödənilib. O, təqsirləndirilən şəxsin barəsində olan polis nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini xahiş edib.
Dövlət ittihamçısı vəsatəti əsassız sayaraq təmin olunmamasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin hər zaman istintaq zamanı polis çağırışlarına vaxtında getdiyini, bunun üçün də vəsastətin təmin olunmamasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə baxışa verilib.
Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin olunub.
Təqsirləndirilən Nigar Süleymanovaya Cinayət Məcəlləsininin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, klinikanın qəbul şöbəsində işləyən Nigar Süleymanova 70 min manat mənimsəmədə ittiham olunur.