Nigeriyada vəba epidemiyası sürətlə yayılmağa davam edir, ölkənin müxtəlif bölgələrində ölüm hallarının sayı artmaqdadır.
Bakıvaxtı.az ÜST-ə istinadən xəbər verir ki, vəba səbəbilə həyatını itirənlərin sayı 170 nəfəri ötüb.
Epidemiya ən çox Kano, Yobe və Bauçi əyalətlərində qeydə alınıb.
Səhiyyə rəsmiləri vəbaya yoluxanların sayının hər gün artdığını bildirir və ölkə daxilində vəziyyətin kritik olduğunu qeyd edirlər.
Xəstəliyin yayılmasının əsas səbəbləri kimi təmiz içməli su çatışmazlığı və sanitar şəraitin pisləşməsi göstərilir. Hökumət və qeyri-hökumət təşkilatları vəbanın yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çalışır.
Bununla yanaşı, yerli icmalar arasında xəstəliklə bağlı maarifləndirmə tədbirləri həyata keçirilməkdədir. Səhiyyə işçiləri insanlara şəxsi gigiyenaya və təmiz su istifadəsinə diqqət yetirməyi tövsiyə edirlər.
Epidemiyanın nəzarət altına alınması üçün təcili yardım və müalicə mərkəzlərinin yaradılması vacib amillərdən biri olaraq vurğulanır.
Əli Hüseynov
















