Nüvə gücləri ötən il arsenalları ilə bağlı xərclərini rekord səviyyəyə - təxminən 119 milyard dollara çatdırıblar ki, bu da 19% artım deməkdir.
Bakıvaxtı.az “bfmtv.com”a istinadla xəbər verir ki, bu tendensiyanın onilliklər ərzində davam edəcəyi gözlənilir.
Beynəlxalq Nüvə Silahlarının Ləğvi Kampaniyasının (ICAN) hesabatına görə, nüvə silahına malik doqquz dövlət -ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreya ötən il arsenallarına 2024-cü illə müqayisədə təxminən 17 milyard dollar daha çox pul xərcləyiblər.
ICAN-nın hesabatında xəbərdarlıq edilir ki, artan geosiyasi gərginlik fonunda yeni bir nüvə silahlanma yarışı yaxınlaşır və bunun onilliklər davam etməsi gözlənilir.
ICAN-nın proqram direktoru və hesabatın həmmüəllifi Susi Snayderin sözlərinə görə, xərclərin kəskin şəkildə artması, eləcə də süni intellektin nüvə silahlarının istifadəsi ilə bağlı qərar qəbuletməni sürətləndirə biləcəyi dərin narahatlıq doğurur.
Tədqiqat göstərir ki, nüvə silahına malik bütün dövlətlər ötən il xərclərini artırıblar. Vaşinqton bütün digər ölkələrin ümumi xərclərindən daha çox pul xərcləyib və təkcə 2025-ci ildə nüvə silahlarına 69,2 milyard dollar ayırıb ki, bu da 2024-cü illə müqayisədə 12,4 milyard dollar çoxdur. Bundan başqa Çin 13,5 milyard dollar, Böyük Britaniya 12,6 milyard dollar, Rusiya 9,5 milyard dollar, Fransa, 7,7 milyard dollar, Hindistan 2,8 milyard dollar, Pakistan 1,5 milyard dollar, İsrail 1,2 milyard dollar və Şimali Koreya 656 milyon dollar xərcləyib.
2017-ci il Nobel Sülh Mükafatına layiq görülən təşkilat olan ICAN-nın məlumatına görə, bu doqquz dövlət son beş ildə öz arsenallarına ümumilikdə 470 milyard dollardan çox pul xərcləyib. Bu dövrdə Fransa ABŞ-nin 265 milyard dollarına qarşı 33 milyard dollar xərcləyib.
Hesabata görə, ABŞ-nin təkcə 2025-ci ildən 2034-cü ilə qədər olan onillikdə nüvə arsenalına təxminən 1 trilyon dollar xərcləməsi gözlənilir. S. Snayder qeyd edib ki, nüvə silahlarına cəmi bir günlük xərcləmə ötən il iki milyondan çox insanın ərzaq təhlükəsizliyini təmin edə bilərdi.
Aydın Baxış
Bakı 



