NATO Avropa qitəsini hərbiləşdirərək Rusiya ilə birbaşa silahlı münaqişəyə hazırlaşır.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ankarada keçirilən NATO sammitinin nəticələrinə dair kəskin bəyanatla çıxış edərkən deyib.
Zaxarova bildirib ki, Alyansın əsas fəaliyyət xətti dəyişməz qalıb; qurum Avropa qitəsini hərbiləşdirməyə, müdafiə potensialını artırmağa və Rusiya ilə birbaşa silahlı münaqişəyə hazırlaşmağa köklənib. Rusiya rəsmisinin sözlərinə görə, NATO rəhbərliyi sammiti "tarixi dönüş nöqtəsi" kimi təqdim etməyə çalışsa da, əslində görüşdən heç bir ciddi nəticə çıxmayıb və üzv ölkələr arasındakı daxili ixtilaflar aradan qaldırılmayıb.
Məsələnin digər tərəfindən danışan XİN rəsmisi qeyd edib ki, Avropa ölkələri və Kanada liderləri ABŞ Prezidenti Donald Trampın regiona marağını itirməməsi və Amerika qoşunlarını qitədən çıxarmaması üçün Vaşinqtona ciddi sadiqlik nümayiş etdirməyə çalışıblar.
Zaxarova həmçinin NATO-nun 2026-cı ildə 1,8 trilyon dollara çatacaq hərbi büdcəsini və sammitdə Ukraynaya bu il üçün vəd edilən 70 milyar avroluq yeni hərbi yardım paketini kəskin tənqid edib. O, Avropa elitlərinin öz xalqlarının sosial-iqtisadi rifahı bahasına Ukraynanı maliyyələşdirdiyini və rəsmi Kiyevi sadəcə geosiyasi hədəflər naminə reallaşdırılan qarşıdurmada "alət" kimi istifadə etdiyini vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 



