• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Səssiz təhlükə: Onlayn dostluqlar real həyatı məhv edir?

CƏMİYYƏT

22 Yanvar 2026 | 14:02

Səssiz təhlükə: Onlayn dostluqlar real həyatı məhv edir?

Müasir dövrdə texnologiyanın sürətlə inkişafı və internetin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə insanlar arasındakı ünsiyyət formaları da ciddi şəkildə dəyişib.

Onlayn dostluqlar və virtual cəmiyyətlər, sadəcə sosial şəbəkələrdə əlaqə saxlamaq vasitəsi olmaqla kifayətlənmir, onlar insanların gündəlik həyatına, emosional vəziyyətinə və psixoloji sağlamlığına təsir göstərən yeni sosial məkanlar yaradır.

Bu virtual mühitlər fərdlərə geniş ünsiyyət imkanları təqdim edir, müxtəlif maraq dairələrinə uyğun icmalarda iştirak etməyə şərait yaradır, lakin eyni zamanda sosial təcrid, narahatlıq və hətta asılılıq kimi psixoloji riskləri də özündə ehtiva edir.

Onlayn dostluqların və virtual cəmiyyətlərin insan psixologiyasına təsirini dəyərləndirmək həm fərdi, həm də ictimai səviyyədə əhəmiyyət kəsb edir.

Onlayn dostluqlar və virtual cəmiyyətlər insan psixologiyasına və emosional sağlamlığına necə təsir edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Ezgi Şahin bildirib ki, onlayn dostluqlar həqiqəti əks etdirmədiyi üçün insanın psixikasına uzunmüddətli təsir göstərmir: 

"Lakin xüsusilə uşaqlara və yeniyetmələrə qarşı bu əlaqələr ciddi risklər yarada bilər, intihar meyillərinə və digər psixi problemlərə səbəb ola bilər".

Onun sözlərinə görə, insanlar vizual qarşılıqlı əlaqədə bir-birini aşağılamaq və ya təhqir etməkdə çətinlik çəkir, amma onlayn mühitdə bu, olduqca asan və geniş yayılıb.

"Bu səbəbdən uşaqlar və yeniyetmələr tez-tez belə neqativ mesajlara məruz qalır, özlərini dəyərsiz hiss edə bilirlər və nəticədə psixikaları zədələnə bilər, bəzən isə bu, intihara qədər aparır".

Ezgi Şahin: Uşaqlarda özgüvən problemi yaranır və onlar sosial cəmiyyətdən uzaqlaşa bilirlər

Həmsöhbətimiz bildirib ki, insanlar onlayn mühitdə bir-birilərinə aşağılayıcı sözlər deyirlər:

“Sənin burnun pisdir”, “Pis paltar geyinirsən”, “Gözlərin görünmür” - bu tip təhqirlər gerçəyi əks etdirmədiyi, çox vaxt nifrət dolu olduğuna görə empatiya və normal duyğulara sahib uşaqlar üçün qəbul etmək çox çətindir. Nəticədə özgüvən problemi yaranır və uşaqlar sosial cəmiyyətdən uzaqlaşa bilirlər".

Sonda Ezgi Şahin əlavə edib ki, keçid dövrlərində uşaqlar internetdə gördükləri ilə reallığı qarışdıraraq yanlış təsəvvürlər yarada bilirlər: 

"Onlar həyatlarında olmayan şeyləri internetdən öyrəndikləri məlumatlarla əvəz etməyə çalışırlar ki, bu da həqiqəti heç bir şəkildə əks etdirmir".

Əli Hüseynov


SON XƏBƏRLƏR