“Valideyn nəzarəti lazımdır, amma uşağın telefonunu gizli yoxlamaq, daim qadağalar qoymaq və cəzalandırmaq uşağın etibarını itirməsinə və problemləri gizlətməsinə səbəb ola bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayımda deyib.
Onun sözlərinə görə, uşağın telefon istifadəsinə nəzarət vacib olsa da, bu nəzarət qadağa və cəza üzərində qurulmamalıdır. Həkim bildirib ki, əgər valideyn uşağın əlindən telefonu alanda uşaq bu qədər güclü reaksiya verirsə, deməli, əvvəldən düzgün yanaşma olmayıb:
"Daha düzgün yanaşma qaydaları uşağa izah etmək, onunla danışmaq və müəyyən hədləri birlikdə formalaşdırmaqdır. Valideyn özü də ilk növbədə nümunə olmalıdır. Mən övladıma ‘telefonunu kənara qoy’ deyirəmsə, amma özüm bütün günü onun gözünün qarşısında telefondan istifadə edirəmsə, uşaq üçün yaxşı nümunə ola bilmərəm”.
Zeynəb Rzayeva
Bakı 



