• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Özəl mənzillərin idarəçiliyində anarxiya hökm sürür: MTK sistemində ciddi qayda-qanunların yaradılması vacibdir

CƏMİYYƏT

18 Sentyabr 2025 | 10:29

Özəl mənzillərin idarəçiliyində anarxiya hökm sürür: MTK sistemində ciddi qayda-qanunların yaradılması vacibdir

Gələn il Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərclərinin 298,2 milyon manat olması nəzərdə tutulur.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərinə əsasən xəbər verir. Qeyd olunub ki, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 19,4 % azdır.

Sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov Bakıvaxtı.az-a açıqlamasında bu azalmanın mümkün təsirlərinə toxunub.

Onun sözlərinə görə, bütövlükdə ölkədə mənzil-kommunal təsərrüfatı sistemində ciddi qayda-qanunların yaradılması vacibdir:

"İllər öncə mənzil-kommunal təsərrüfatı sistemində ciddi islahatlara rəvac verərək, hətta bu adla mövcud olmuş nazirliyi belə ləğv etsək də, bu islahatlar yarımçıq saxlanıldı. Bu gün ölkədə dövlətə aid mənzillərin idarəçiliyi çox aşağı səviyyədədir, özəl mənzillərin idarəçiliyində isə tam anarxiya hökm sürür. Bu mənzillərin idarəçiliyinin həmin mənzillərin olduğu binaları tikən iş adamlarının əlində qalması, son nəticədə bu sahədə ciddi özbaşınalıqlara yol açır. Binanı tikmiş Mənzil Tikinti Kooperativinin sahibləri sakinlərə göstərilən bütün xidmətlər üzrə qiymətləri öz baxışlarına uyğun müəyyən edir və istədiyi vaxt onları heç bir əsas olmadan belə məmuniyyətlə qaldırırlar. Məsələn, binanın altındakı avtomobil dayanacağı bina sakinlərinin ümumi istifadəsində olmalıykən, MTK-lar burada yerləri qanunsuz olaraq sakinlərə çox baha qiymətə satır və ya icarəyə verirlər. Lift, təmizlik və digər xidmətlərin haqqını bildikləri və ya istədikləri kimi müəyyən edirlər və s".

Fikrət Yusifov: Bəzən MTK-lar binanın altındakı avtomobil dayanacağını sakinlərə baha qiymətə satır və ya icarəyə verirlər

Müsahibimiz hesab edir ki, bu cür problemlərin qarşısını almaqdan ötrü ilk növbədə, özəl binalar üçün qanunla müəyyən edilən bəlli qiymət çərçivələri olmalıdır. Bu sistemdə özfəaliyyət son nəticədə insanların narazılığına səbəb olur. Buna isə yol vermək olmaz.

"Gələn ilin büdcəsində mənzil-kommunal təsərrüfatı xərclərinin azalması növbəti ilin büdcə parametrlərinə uyğundur. Növbəti il üçün bizim büdcəmizin gəlir və xərclərində elə də ciddi artımlar nəzərdə tutulmur. Bu səbəbdən növbəti ildə o qədər də səmərəli hesab edilməyən mənzil-kommunal təsərrüfatı xərclərinin  azaldılmasını anlayışla qarşılamaq lazımdır", - deyə Fikrət Yusifov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

17 Sentyabr 2025