Azərbaycanda əhalinin məşğulluğu üzrə sahibkarlıq subyektləri ilə əməkdaşlığın yeni formaya keçirilməsi məqsədi ilə işçilərin əmək haqqının işəgötürənlərlə birlikdə maliyyələşdirilməsi üçün işlər genişləndiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə bu istiqamətdə 4 milyon marat xərclənməsi, mindən çox şəxsin müvafiq proqrama cəlb olunması nəzərdə tutulub.
Bundan başqa, nazir deyib ki, gələn il əmək yarmarkalarının və əmək birjalarının keçirilməsi üçün təxminən 500 milyon manat xərclənməsi nəzərdə tutulur: "Bu, 110 regional iri əmək yarmarkasının və digər tədbirlərin təşkil olunmasına imkan verəcək. Sosial müdafiəyə xüsusilə ehtiyac olan şəxslər üçün əlavə iş yerlərinin, sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinin icrası üçün 2025-ci ildə 3 milyon manat xərclənməsi nəzərdə tutulub".