• Bakı 28° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Pakistanda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 400-ə çatıb

DÜNYA

20 Avqust 2025 | 14:38

Pakistanda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 400-ə çatıb

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 400 nəfərə çatıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentliyin məlumatına görə, son sutka ərzində ölkənin cənub-qərbindəki Sind əyalətinin 20 sakini, o cümlədən regionun paytaxtı Kəraçidə 8 nəfər ölüb. Əhalisi təxminən 15 milyon nəfərə çatan meqapolisin əksər əraziləri su altında qalıb, sənaye müəssisələrinin, dəniz limanının və ictimai nəqliyyatın işi iflic olub.

Ən çox ölüm halları (360-dan çox) ölkənin şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində qeydə alınıb. Daşqın 349 yaşayış binasını tamamilə dağıdıb, 450-yə yaxın binaya isə ziyan dəyib.

Bir çox ərazilərdə nəqliyyat infrastrukturu dağıdılıb, mobil rabitədə fasilələr yaranıb. Hakimiyyət təbii fəlakət zonasından təxliyə edilənlər üçün 456 müvəqqəti düşərgə yaradıb.

Hayber-Paxtunxvada fövqəladə vəziyyət rejimi qüvvədədir, xilasetmə əməliyyatlarına 6 min hərbçi və könüllü cəlb olunub.

Baş nazir Şahbaz Şərif bundan əvvəl aylıq maaşını zərər çəkmiş vətəndaşlara kömək etmək üçün yaradılmış fonda bağışlayıb. Hökumətin bütün nazirləri də bu nümunəyə uyğun hərəkət edirlər.

Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayına qədər davam edir və özüylə kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən, lakin tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olan güclü yağışlar gətirir. Sinoptiklər leysanların sentyabrın ortalarına qədər davam edəcəyini proqnozlaşdırırlar.

Xatırladaq ki, daha əvvəl daşqınlar və torpaq sürüşmələri nəticəsində 358 nəfərin öldüyü barədə məlumat verilmişdi.


SON XƏBƏRLƏR