İkinci Qarabağ müharibəsinin “Paşa” ləqəbli döyüşçüsü, qazi Allahşükür Qasımova qarşı dələduzluq edilib.
Bakıvaxtı.az xəbər verir ki, o, Teleqraf.com-a açıqlamasında Sumqayıt şəhərində yerləşən “TT 064” adlı avtosalonun sahibi tərəfindən aldadıldığını bildirib.
Allahşükür Qasımovun sözlərinə görə, həmin salondan avtomobil alıb. Əsl problem də bundan sonra başlayıb.
Qazi deyib ki, “TT 064”nin sahibi keçmiş polis əməkdaşı Natiq Cəfərovdur.
“Mən “Niva” markalı avtomobilimi satmaq üçün Sumqayıtın maşın bazarına getdim. Bir tanışım mənə təklif etdi ki, yaxınlıqda avtosalon var, oraya gedək. Avtosalonda avtomobillərə baxdıq, 2013-cü ilə aid “Toyota RAV4” markalı avtomobili satın almaq qərarına gəldim. Müqabilində 2015-cü ilə aid “Niva” markalı avtomobilimi və 17 min 800 manat pul verməli idim. Mənimlə gedən tanışlarımdan pul götürərək 17 min manatı və “Niva” markalı avtomobilimi onlara təqdim etdim. Sonra isə “Niva”nın sənədlərini və 800 manatı birlikdə göndərməli idim. Beləliklə, razılaşdıq. Avtomobilin dəmirinə baxdım, keyfiyyətli idi. Səhəri gün avtomobili maşın ustasına apardım.
Mənə bildirdilər ki, avtomobilin motorunda problem var. Natiq bəyə zəng etdim, səbəbini soruşdum. Onlar mənim dediyimlə razılaşmadılar və qeyd etdilər ki, ola bilsin, yüngül problemdir. Avtomobildə ciddi problem olduğunu mən özüm də bilmirdim. Sonra ailəmlə bağlı problem oldu, xəstəxana məsələləri və sair araya düşdü. Ona görə avtomobili bir ay sonra servis xidmətinə apardım. Orada mənə dedilər ki, avtomobilin motorunun 4 min 500 manat xərci var.
Mən avtomobili aldığım salonun sahibi Natiq Cəfərova müraciət etdim, dedilər ki, bu problem bizlik deyil, sizə verəcək pulumuz yoxdur. Avtomobili alarkən yerindəcə sənəd məsələsi həll edilmişdi. Hətta onu da bildirim ki, avtomobilin adına cərimə də var idi. Mən müraciət edəndə dedilər ki, cəriməni də ödəmirik, kimə istəyirsiniz şikayət edin. Nə avtomobili geri alırıq, nə də motorun problemini həll etmək üçün sizə maddi dəstək göstəririk.
Məsələylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etdim. Oradan bildirdilər ki, bu kimi məsələlərə baxılmır. Natiq Cəfərov həmin bölmədə əməliyyat işçisi olub”, - keçmiş döyüşçü deyib.
Məsələ ilə bağlı açıqlama verən Natiq Cəfərov isə qazinin iddiaları ilə razılaşmadı. Onun sözlərinə görə, Allahşükür Qasımov salondan “Toyota RAV4”ü alıb getdikdən 3 ay 15 gün sonra avtomobilin motorunda problem olduğu bildirib: “Etibarnamənin də müddəti var. On gün əvvəl kiçik qardaşım mənə zəng etdi ki, Allahşükür Qasımova kömək et, bildirirlər ki, maddi vəziyyətimiz yaxşı deyil, günahkarıq, üç ay on beş gün keçib və sair. Mən onların bank hesabına 300 manat göndərdim. Çeki də məndə qalıb”, - deyib.
Natiq Cəfərov avtomobilin motorundakı problemin əvvəldən olduğuna dair məqama belə aydınlıq gətirdi: “Mənə bildirdilər ki, avtomobili 1200 manata təmir elətdirdik. Əslində, mən üç ay on beş gündən sonra pul verməzdim. Qardaşımın xahişinə görə, onların bank hesabına 300 manat göndərdim və bildirdim ki, on gündən sonra da 100 manat göndərəcəm. Mənə dedilər ki, motoru düzəltdirdik, 1200 manat xərcimiz çıxdı. Mən insan olaraq onu da etdim. Bütün qəbzlər məndə durur”.
Qeyd edək ki, Allahşükür Qasımov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.
Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. O, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə təltif olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov isə A.Qasımovu “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edib.