• Bakı 26° C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Paşinyan Mişustinlə nəyi müzakirə edəcək? – İrəvanın Moskva sınağı

SİYASƏT

06 Iyul 2026 | 14:22

Paşinyan Mişustinlə nəyi müzakirə edəcək? – İrəvanın Moskva sınağı

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya gedib. Bu səfər, Nikol Paşinyanın Yekaterinburqda keçirilən "İnnoprom-2026" sərgisində iştirakı və həmkarı Mixail Mişustinlə planlaşdırılan görüşü rəsmi İrəvan ilə Moskva arasındakı soyuq münasibətlərin gələcək dinamikası baxımından ciddi suallar doğurur.

Parlament seçkilərindən sonra reallaşan bu ilk səfər iki ölkə arasında gərginliyin pik həddə çatdığı, qarşılıqlı iqtisadi embarqoların tətbiq olunduğu və Ermənistan kənd təsərrüfatının Rusiya bazarından asılılığı səbəbindən çöküş təhlükəsi yaşadığı bir dövrə təsadüf edir. Paşinyanın bu təması sadəcə iqtisadi xarakter daşımır, həm də İrəvanın Qərblə yaxınlaşması fonunda Kremlin şərtlərini öyrənmək və əlaqələri tamamilə qoparmadan balans qorumaq cəhdidir.

Bəs Baş nazirin bu addımı tərəflər arasındakı soyuq küləkləri kəsə biləcəkmi, yoxsa Ermənistanın geosiyasi tərəddüdləri fonunda Moskva təzyiqləri daha da artıracaq?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Baş nazir Nikol Paşinyanın Rusiyaya səfər etməsi hazırda Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Çünki növbəti parlament seçkilərində Paşinyan hakimiyyətinin qələbə qazanmasından sonra, hətta ondan əvvəl də Rusiya və Ermənistan arasındakı münasibətlər gərginlik həddinə görə maksimum səviyyəyə çatmışdı. Rusiya Ermənistana qarşı müəyyən iqtisadi-ticari embarqolar tətbiq edirdi və bu proses hələ də aktual olaraq qalır. Rəsmi İrəvan anlayır ki, Rusiya bazarları olmadan Ermənistan iqtisadiyyatı, xüsusilə də birbaşa bu bazardan asılı olan kənd təsərrüfatı sahəsi çökə bilər:

"Ona görə də hazırda Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşə nail olmağa çalışsa da, hələlik bu baş tutmur. Kreml, böyük ehtimalla, bunun üçün müəyyən şərtlər irəli sürür".

Elçin Xalidbəyli: Kremldə Ermənistandan geosiyasi seçim tələb edirlər

Politoloqun sözlərinə görə, digər tərəfdən, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ermənistana səfəri mövcud situasiyanı daha da gərginləşdirib. Avropalı siyasətçi İrəvanda bəyan edib ki, Rusiya Ermənistana qarşı sərt təzyiqlərlə asılılıq siyasətini davam etdirmək istəsə də, Avropa buna imkan verməyəcək. Ermənistana həm himayə, həm də maliyyə-iqtisadi dəstək vəd edən Avropa Birliyi artıq müəyyən vəsaitlərin ayrılmasına da başlayıb. Bu isə Avropa Birliyinin Ermənistanda Rusiya ilə kəskin və sərt rəqabətə girişdiyini göstərir:

"Təbii ki, Kremldə bütün bunları nəzərə alır və Ermənistandan geosiyasi seçim tələb edirlər. Moskva hesab edir ki, Ermənistan Rusiyanın hesabına maliyyə vəsaiti qazanaraq Avropa Birliyinə yaxınlaşa bilməz və bu yanaşmanı qəbuledilməz sayaraq İrəvana təzyiqləri artırır".

Müsahibimiz qeyd edib ki, hələlik Paşinyan seçim etməkdə tərəddüd göstərir və rəsmi İrəvanın Rusiya ilə münasibətləri qarşıdurma səviyyəsinə çatdırmaq niyyətində olmadığını bildirərək balans siyasəti yürütməyə çalışır. Lakin proseslərin gedişatı göstərir ki, bu balans siyasətini davam etdirmək o qədər də asan olmayacaq və Ermənistan əvvəl-axır seçim etmək məcburiyyətində qalacaq.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026