• Bakı 19° C

    2.74 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Paşinyanın debat çağırışının pərdəarxası: Yeni gərginlik mərhələsi

DÜNYA

24 Sentyabr 2025 | 17:12

Paşinyanın debat çağırışının pərdəarxası: Yeni gərginlik mərhələsi

Paşinyanın üç keçmiş prezidentə qarşı sərt ittihamlarla debat çağırışı etməsi Ermənistan siyasətində diqqətçəkən hadisədir.

Bu çıxış sadəcə siyasi jest deyil, həm də keçmişlə bu gün arasındakı fərqi ictimaiyyətin gözündə qabartmaq cəhdidir. Paşinyanın arxayın görünməsinin əsas səbəbi sabiq liderlərin nüfuzunun zəifləməsidir. Cəmiyyət onları korrupsiya, müharibələrdəki uğursuzluqlar və ölkəni uçuruma aparmaqda günahlandırır. Bu mənada Paşinyan bilir ki, onların debat meydanına çıxması belə öz xeyrinə işləyə bilər. Üstəlik, onun natiqlik və kütləyə emosional təsir bacarığı rəqibləri ilə müqayisədə daha güclüdür.

Köçəryanla Sərkisyan uzun illər yaxın görünmələrinə baxmayaraq, indi ortaq cəbhə formalaşdırmaq gücündə deyillər. Ter-Petrosyan isə həm yaş, həm də siyasi baxış fərqlərinə görə onlardan ayrı mövqedə dayanır. Belə şəraitdə keçmiş prezidentlərin birlikdə Paşinyana qarşı çıxması real görünmür.

Moskva da onların üzərində dayanmaq istəmir, çünki bu fiqurların ictimai legitimliyi qalmayıb. Rusiya daha çox yeni simalar, xüsusən də sahibkarlarla dindar kəsimi birləşdirəcək Karapetyan kimi liderlər üzərində dayanmağa çalışır.

Ermənistanda yaxın gələcəkdə keçiriləcək parlament seçkiləri isə həm daxili siyasi mübarizə, həm də beynəlxalq güclərin təsir meydanı olacaq. Rusiya Paşinyanı devirmək üçün bütün imkanlarını işə salacaq, Qərb isə onun hakimiyyətdə qalmasında maraqlıdır. Azərbaycan üçün də Paşinyanın mövqeyini qoruması daha məqbul variantdır, çünki rusiyameylli qüvvələrin hakimiyyətə gəlməsi regional balansı yenidən pozacaq. Bütün bunların fonunda Paşinyanın çağırışı həm siyasi özünəinamın nümayişi, həm də keçmişi hədəfə alaraq gələcək seçki mübarizəsində mövqeyini gücləndirmək cəhdidir.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR