• Bakı 16° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Paşinyanın Əliyevə təşəkkürü: Belə jestlər həm də beynəlxalq auditoriyaya mesaj verir

SİYASƏT

24 Oktyabr 2025 | 16:24

Paşinyanın Əliyevə təşəkkürü: Belə jestlər həm də beynəlxalq auditoriyaya mesaj verir

"Ermənistanın Baş naziri Nikol Paşinyanın V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsi regionda formalaşmaqda olan post-münaqişə reallıqlarının və yeni diplomatik davranış mədəniyyətinin mühüm göstəricisidir".

Bu barədə politoloq Polad Mehdiyev Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə ictimai şəkildə təşəkkür etməsi sadəcə etik jest deyil:

"Paşinyanın təşəkkürü eyni zamanda Cənubi Qafqazda psixoloji və siyasi baryerlərin yumşalmasının rəsmi səviyyədə təzahürüdür. Nikol Paşinyan dil və davranış səviyyəsində dəyişiklik nümayiş etdirir. Bir il öncə "Azərbaycanla sülh mümkündürmü" sualına şərtlərlə cavab verən Paşinyan indi açıq şəkildə təşəkkürünü bildirir”.

Müsahibimiz bildirib ki, bu, Ermənistan rəhbərliyinin ictimai rəy formalaşdırma cəhdi kimi də dəyərləndirilə bilər. Yəni Ermənistan ictimaiyyətini Azərbaycanla real sülhə hazırlamağa çalışır. Bundan əlavə, Paşinyan Avropa və Gürcüstan platformalarında sülh ritorikasını vurğulamaqla Ermənistanın regionda konstruktiv tərəfdaş obrazını formalaşdırmağa çalışır.

Polad Mehdiyev: Nikol Paşinyan dil və davranış səviyyəsində dəyişiklik nümayiş etdirir

Analitik qeyd edib ki, Prezident İlham Əliyevin post-müharibə dövründə "sülh, amma bərabərhüquqlu sülh" konsepsiyası regionda yeni reallıq yaradıb:

"Azərbaycan Ermənistanla münasibətlərdə sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması kimi praktiki məsələlərə fokuslanıb. Paşinyanın təşəkkürü dolayısı ilə, bu siyasətin effektivliyini və nəticə doğurduğunu etiraf etmək kimi də yozula bilər. Belə jestlər həm də beynəlxalq auditoriyaya mesaj verir. Mesaj odur ki, Azərbaycan regionda dominant güc olmaqla yanaşı, sülhün təşəbbüskarı rolunu da oynayır".

Aydın Baxış


SON XƏBƏRLƏR