Gürcüstanın Qaraçöp bölgəsindən olan 24 yaşlı idmançı Peyman Hacıyev Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gələrək kəmərə sahib olub.
Bakıvaxtı.az xəbər verir ki, yarışda 15 ölkədən idmançılar iştirak edib. Türkiyə, Azərbaycan, Fransa, Almaniya, İran, Çin, Tacikistan, Qırğızıstan, Rusiya, Çeçenistan, İraq, Avstraliya, Meksika, Fələstin və Gürcüstanın da təmsil olunduğu turnirdə Peyman Hacıyev 70 kq çəki dərəcəsində mübarizə aparıb. O, tailandlı rəqibi ilə keçirdiyi döyüşün hər üç raundunda yüksək xal toplayaraq qalib gəlib.
Qeyd edək ki, Peyman Hacıyev bu il avqustun 12-də Tailandda keçirilən MMA turnirində də rusiyalı rəqibini məğlub edərək kəmər qazanıb. O, ötən il ərzində müxtəlif ölkələrdə təşkil olunan MMA və Muay Tay yarışlarında iştirak edərək yüksək nəticələr əldə edib.




