• Bakı 29° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Prezidentin Almaniya səfəri: strateji tərəfdaşlığın yeni mərhələsi

SİYASƏT

23 Iyul 2026 | 12:45

Prezidentin Almaniya səfəri: strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan Prezidenti İlham Əliyevin 20–21 iyul 2026-cı il tarixlərində Almaniyaya rəsmi səfəri ilk növbədə Azərbaycan-Almaniya münasibətlərini daha yüksək, strateji səviyyəyə qaldırmaq məqsədi daşıyırdı.

Əslində səfər mart ayında planlaşdırılmışdı, lakin İran ətrafında yaranmış müharibə şəraitinə görə təxirə salınmışdı. Buna görə də səfərin məhz indiki mərhələdə baş tutması həm ikitərəfli münasibətlər, həm də dəyişən regional və qlobal təhlükəsizlik mühiti baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Səfər zamanı Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirdi. Görüşlərdə siyasi münasibətlər, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, Azərbaycan-Ermənistan sülh prosesi, Yaxın Şərqdəki vəziyyət və Avropa İttifaqı ilə əlaqələr müzakirə olundu. Almaniya Prezidenti Azərbaycanı və Almaniyanı dünyada və regionda baş verən proseslər fonunda “sabitlik adaları” kimi xarakterizə etdi. Bu ifadə Azərbaycanın artıq yalnız regional dövlət deyil, həm də etibarlı, proqnozlaşdırılan və sabit tərəfdaş kimi qəbul edildiyini göstərir.

Səfərin ən mühüm nəticəsi Prezident İlham Əliyev və Kansler Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Bu sənəd münasibətlərin sadəcə diplomatik və iqtisadi əməkdaşlıq səviyyəsində deyil, uzunmüddətli strateji tərəfdaşlıq formatında inkişaf etdirilməsini nəzərdə tutur. Eyni zamanda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında Birgə Bəyannamə imzalandı. Bu şura siyasi razılaşmaların konkret investisiya, ticarət və biznes layihələrinə çevrilməsi üçün daimi platforma rolunu oynayacaq.

Səfərin əsas istiqamətlərindən biri enerji təhlükəsizliyi idi. Avropa Rusiya enerji resurslarından asılılığını azaltmağa çalışdığı bir vaxtda Azərbaycan alternativ və etibarlı təchizatçı kimi xüsusi əhəmiyyət qazanır. Prezident İlham Əliyev Azərbaycanın Almaniyaya neft və qaz tədarükünü artıra biləcəyini bildirdi. Kansler Fridrix Merts də Cənub Qaz Dəhlizini etibarlı təchizat marşrutu kimi qiymətləndirdi və Azərbaycanla uzunmüddətli enerji əməkdaşlığında maraqlı olduqlarını vurğuladı. Danışıqlarda yalnız neft və qaz deyil, bərpa olunan enerji, aşağı karbonlu hidrogen və yaşıl texnologiyalar sahəsində əməkdaşlıq da müzakirə edildi.

Digər mühüm istiqamət Orta Dəhliz və Azərbaycanın Avropa ilə Asiya arasındakı tranzit roludur. Mövcud geosiyasi qarşıdurmalar ənənəvi nəqliyyat marşrutlarının təhlükəsizliyini sual altına alır. Bu şəraitdə Çin və Mərkəzi Asiyanı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya birləşdirən Orta Dəhlizin əhəmiyyəti artır. Almaniya kimi böyük sənaye və ixrac ölkəsi üçün bu marşrut strateji maraq daşıyır. Azərbaycan isə Ələt limanı, dəmir yolları, avtomobil yolları və digər logistika infrastrukturu vasitəsilə bu dəhlizin əsas həlqələrindən birinə çevrilib.

Səfərin siyasi əhəmiyyəti Azərbaycan–Ermənistan sülh prosesi ilə də bağlıdır. Almaniya rəhbərliyi sülh istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirdi və Cənubi Qafqazda sabitliyin Avropa üçün də mühüm olduğunu bildirdi. Burada vacib məqam ondan ibarətdir ki, Azərbaycan artıq regionda təhlükəsizliyi və yeni geosiyasi reallıqları formalaşdıran əsas dövlət kimi qəbul olunur. Bakı sülh gündəliyini irəli aparan, regional kommunikasiyaların açılmasını təşviq edən və Avropa ilə Asiya arasında bağlantı yaradan tərəf kimi çıxış edir. (Prezident.az)

Azərbaycanın Almaniyada yüksək səviyyədə təmsil olunması səfərin protokolunda da özünü göstərdi. Prezident İlham Əliyev Berlində rəsmi mərasimlə qarşılandı, fəxri qarovul dəstəsi düzüldü, Almaniyanın həm dövlət başçısı, həm də hökumət rəhbəri ilə görüşlər keçirildi. Sənədlərin bilavasitə Prezident İlham Əliyev və Federal Kansler tərəfindən imzalanması münasibətlərə verilən siyasi önəmin göstəricisidir. Səfər çərçivəsində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin rəhbərliyi ilə görüşün keçirilməsi isə siyasi dialoqun biznes və investisiya əlaqələri ilə tamamlandığını göstərdi.

Ümumilikdə, bu səfər Azərbaycanın Almaniya ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycan Almaniyanın qarşısına təkcə enerji ixrac edən ölkə kimi deyil, siyasi baxımdan müstəqil, iqtisadi baxımdan perspektivli, nəqliyyat baxımından əvəzolunmaz və regional sabitlik baxımından etibarlı tərəfdaş kimi çıxır. Almaniya isə Azərbaycan üçün Avropanın aparıcı siyasi və iqtisadi güclərindən biri, texnologiya, investisiya, sənaye modernləşməsi və yaşıl enerji sahəsində mühüm tərəfdaşdır.

Səfərin əsas nəticəsi budur ki, Azərbaycan-Almaniya münasibətləri artıq ayrı-ayrı layihələr üzərində qurulan əməkdaşlıqdan sistemli və strateji tərəfdaşlıq mərhələsinə keçir. Prezident İlham Əliyevin Berlində ən yüksək səviyyədə qəbul edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, balanslaşdırılmış xarici siyasətinin və Avropanın təhlükəsizlik arxitekturasında yüksələn rolunun əyani göstəricisi oldu.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026