İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminat prosesini açıqlayıb.
Bakıvaxtı.az Milli.Az-a istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və Tibbi Vasitələr Şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də çıxış edərək dərman vasitələrinin təminat prosesinin sistemli, eyni zamanda şəffaf qaydada həyata keçiriləcəyini vurğulayıb.
O bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşacaq və müvafiq ixtisaslı həkimin qəbuluna yönləndiriləcək. Həkim tərəfindən müayinə aparılacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda "E-Resept" sistemi vasitəsilə icbari tibbi sığorta üzrə resept yazılacaq.
Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq, öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək.
İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası həyata keçiriləcək və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək.
Qeyd edək ki, dəyişikliyə əsasən həkimin ambulator müalicə üçün yazdığı reseptləri, daha dəqiq desək ürək-damar xəstəliyi, həzm və tənəffüs sistemi xəstəliklərinin dərman vasitələrini vətəndaşlar apteklərdən ödənişsiz ala biləcəklər.
Bakı 



