Rusiya prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında 3 saat davam edən görüş faydalı və konstruktiv olub.
Danışıqlarda Ukrayna böhranı və Rusiya-ABŞ strateji əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib. Putin və Tramp arasında görüşün yeri və vaxtı razılaşdırılıb, ehtimal ki, gələn həftə baş tutacaq. Putin bildirib ki, BƏƏ görüş üçün münasib yerdir, Tramp isə görüşü məhsuldar qiymətləndirərək irəliləyiş olduğunu vurğulayıb:
"Bundan sonra bəzi avropalı müttəfiqlərimizə məlumat verdim. Hamı razıdır ki, bu müharibə bitməlidir. Biz yaxın günlərdə və həftələrdə buna çalışacağıq. Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Stiven Uitkoffla danışıqlar zamanı Rusiya atəşkəs əldə etməyə daha çox meyilli olduğunu göstərib. Onlara təzyiqlər işləyir. Əsas odur ki, bizi aldatmasınlar".
Məsələnin gedişatı ilə bağlı Bakıvaxtı.az-a danışan Politoloq Samir Hümbətov bildirib ki, rəsmilərin açıqlamaları Ukrayna məsələsində ABŞ ilə Rusiya arasında razılığın əldə olunduğunu göstərir.
Ekspert vurğulayıb ki, açıqlamalardan daha çox mövcud vəziyyət daha önəmlidir:
"Çünki bənzər açıqlamalar daha öncə də olub. Əgər Rusiya-Ukrayna müharibəsində yumşalma olacaqsa, cəbhədə gərginlik azalacaqsa, o zaman iddiaların reallaşacağına ümid etmək olar. Əksi baş versə, hərbi əməliyyatlar dayanmasa, deməli müharibə dayanmayacaq. Reallıq odur ki, Qərblə, daha doğrusu ABŞ ilə Rusiya arasında gərginlik var. Hətta Vaşinqtonun Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi də istisna edilmir".
Samir Hümbətov: "Rusiyanın Ukraynaya ard-arda hücumları davam edir"
Müsahibimizin sözlərinə görə, ABŞ və Rusiya rəsmiləri yumşalmadan, əməkdaşlıqdan danışırlar. Ancaq bu əməkdaşlığı qurmaq üçün perspektiv imkanlar olmalıdır:
"Rusiyanın Ukraynaya ard-arda hücumları davam edir. ABŞ Ukrayna ilə mineral resursların işlənməsi ilə bağlı müqavilə bağlasa da, Rusiyanın hərbi əməliyyatları səbəbindən onu icra edə bilmir. Faktiki Rusiyanın məqsədi Ukraynanı tamamilə işğal etmək, Kiyevi təslim almaqdır".
Son olaraq S.Hümbətov diqqətə çatdırıb ki, belə vəziyyətdə açıqlamalar qeyri-ciddi görünür. Protokol xatirinə, verilən tapşırıqlara əsasən pozitiv bəyanlar verilə bilər. Amma sonrakı mərhələdə Rusiya-Ukrayna müharibəsinin gedişindən aydın olacaq ki, tərəflər sülhə, atəşkəsə yaxındır, yoxsa yox.
Aydın Baxış