Rusiya Prezidenti Vladimir Putinin gələn həftə Çinə edəcəyi dördgünlük səfər beynəlxalq siyasi gündəmin diqqət mərkəzinə çevrilib. Səfər çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqların aparılması və Putinin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirakı planlaşdırılır.
Xüsusi maraq doğuran məqam isə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Putinin Pekinə üz tutmasıdır. Alyaska görüşündən sonra müşahidə edilən nisbi yumşalma Qərbdə belə yozulurdu ki, Vaşinqton Moskvanı Çinin təsirindən qoparmağa çalışır. Lakin Rusiya-Çin tərəfdaşlığının dərinliyi bu ssenarinin reallaşmasını çətinləşdirir.
Pekin indiyədək təmkinli mövqeyini qoruyub və proseslərə açıq reaksiya verməyib. Ancaq Putinin bu səfəri həm də Alyaska görüşündən sonra Çinə bir növ “müttəfiqlik hesabatı” vermək, strateji əməkdaşlığın sabitliyini təsdiqləmək xarakteri daşıya bilər. Bu, Moskva üçün vacibdir, çünki ABŞ-la münasibətlərdə müəyyən yumşalma olsa belə, Rusiya Çindən imtina edə bilməz. Əksinə, Kremlin siyasətində iki istiqaməti balanslaşdırmaq zərurəti daha da ön plana çıxır.
Beləliklə, Putinin Çinə qarşıdakı səfəri təkcə ikitərəfli əlaqələrin müzakirəsi deyil, həm də beynəlxalq güc balansında Moskva-Pekin münasibətlərinin davamlılığını nümayiş etdirmək baxımından əhəmiyyətli olacaq.
Ruslan Zəngəzur