İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay olacaq.
Bakıvaxtı.az xatırladır ki, bu artım 2017-ci ildən mərhələli şəkildə həyata keçirilir və 2027-ci ildə qadınlar üçün pensiya yaşı 65-ə çatdıqda tamamlanacaq. Kişilər isə bu yaş həddinə artıq 2021-ci ildə çatıblar.
İnsan ölümlərinin cavanlaşdığı və erkən ölümlərin sürətləndiyi bir dövrdə pensiya yaşının artırılmasını doğru qərar kimi qəbul etmək olarmı?
Mövzu ilə bağlı sosioloq Nail Cəlil Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, pensiya yaşının artırılması ilə bağlı müxtəlif diferensial yanaşmalar mövcuddur.
Onun sözlərinə görə, pensiya yaşının təyini zamanı orta ömür uzunluğu, əmək məhsuldarlığı, çalışan təbəqənin sayı və yaş strukturu nəzərə alınmalıdır:
"Ölkəmizdə orta ömür uzunluğunu nəzərə alsaq, pensiya yaşı qadınlar üçün 59, kişilər üçün 61 yaşı keçməməlidir. Hətta bu yaş həddini mümkün qədər azaltmaq lazımdır. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əhalinin qocalması prosesi baş verir. Pensiya yaşının artırılması gələcəkdə daha ciddi fəsadlara yol aça bilər. Ölkəmizdə əhali arasında 65 yaş həddi həm kişilər, həm də qadınlar üçün çox hesab olunur. İndiki vaxtda qadınların 30-31 faizi, kişilərin isə 52 faizdən çoxu 65 yaşa çatmadan dünyasını dəyişir. Bu, rəsmi statistik göstəricilərlə təsdiq olunub".
N.Cəlil vurğulayıb ki, beynəlxalq ekspertlər ölkəmizdəki pensiya yaşını normal hədd kimi qəbul edirlər.
Nail Cəlil, sosioloq
Müsahibimiz qeyd edib ki, dünya praktikasında yaş həddinin 70-ə yaxın olması ilə bağlı faktlar var. Məsələn, Belçika, Niderland və bir sıra ölkələrdə pensiya yaşı 67-dir. Hətta Danimarkada pensiya yaşının 70-ə qaldırılması nəzərdə tutulur.
Bundan başqa, bir sıra ölkələrdə pensiya yaşı 65 təyin olunub. Bu, adətən inkişaf etmiş ölkələrə aiddir:
“Ona görə də qeyd olunan göstərici vətəndaşlarının sosial həyatına ciddi şəkildə təsir etmir. Ancaq ölkəmizin mövcud iqtisadi göstəricilərini, qida keyfiyyətini və həyat tərzini həmin ölkələrlə müqayisə etsək, Azərbaycanda pensiya yaşına yenidən baxılmalıdır", - Nail Cəlil vurğulayıb.
Gülşən Şərif