q
  • Bakı 13° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

"Qalibafla bağlı iddialar diqqəti yayındırmaq məqsədi daşıya bilər" - AÇIQLAMA

SİYASƏT

24 Aprel 2026 | 16:18

Qalibafla bağlı iddialar diqqəti yayındırmaq məqsədi daşıya bilər - AÇIQLAMA

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun müdaxiləsindən sonra istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, İran mediasında yer alan məlumatlara görə, o, danışıqlar qrupunu tərk edib.

Qeyd edək ki, Məhəmməd Bağır Qalibaf İranın danışıqlar aparan nümayəndə heyətinə rəhbərlik edirdi.

Bəzilərinə görə, Qalibafın mümkün istefası İranda hakimiyyət daxilində real parçalanmanın göstəricisi. Əksəriyyət isə hesab edir ki, bu addım seçkilər və ya xarici təzyiqlər fonunda əvvəlcədən planlaşdırılmış siyasi yenilənmə ssenarisinin tərkib hissəsidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Xəyal Bəşirov bildirib ki, Məhəmməd Baqir Qalibafın  İran parlamentinin sədrliyindən istefa verməsi ilə bağlı hər hansı rəsmi məlumat yoxdur.

Onun sözlərinə görə, dünən bəzi media orqanlarında və sosial şəbəkələrdə Qalibafın ABŞ ilə danışıqlar prosesində iştirak edən qrupdan çıxarılması və ya özünün bu prosesdən çəkilməsi ilə bağlı iddialar yayılsa da, bu barədə rəsmi təsdiq verilməyib:

“Məlumata görə, aprelin 11-də İran və ABŞ arasında keçirilən görüşlərdə iştirak edən əsas şəxslərdən biri də Qalibaf olub və o, hətta nümayəndə heyətinə rəhbərlik edən fiqur kimi təqdim edilib. Görüşdə İranın xarici işlər naziri də iştirak edib. ABŞ tərəfi isə vitse-prezident Cey Di Vensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Növbəti görüşün keçiriləcəyi gözlənilsə də, bu baş tutmayıb”.

Müsahibimiz qeyd edib ki, ehtimallara görə, bu vəziyyət İranın danışıqlar prosesində iştirakla bağlı mövqeyi ilə əlaqəli ola bilər. Qərb mediasında və siyasi dairələrdə İranda vahid idarəetmə sisteminin olmaması ilə bağlı fikirlər vaxtaşırı səsləndirilir:

“Martın 8-də Müctəba Xameneinin yeni ali dini lider kimi seçilməsi ilə bağlı iddialar yayılsa da, bu günə qədər onun ictimaiyyət qarşısına çıxmaması, görüntü və ya səsinin yayılmaması müəyyən suallar doğurur. Bu mövzu ilə bağlı Qərbdə müxtəlif məlumatlar yayılsa da, İran tərəfindən konkret və açıq reaksiya verilməyib".

Xəyal Bəşirov: Qalibaf hazırda İranda əsas siyasi fiqurlardan biri olaraq qalır

Politoloq bildirib ki, bununla belə, İranda idarəetmə sistemində ciddi bir çatın müşahidə olunmaması və yüksək səviyyəli istefaların baş verməməsi hazırkı sistemin hələ də stabil şəkildə fəaliyyət göstərdiyini göstərir. ABŞ-də isə son dövrlərdə bir sıra yüksək vəzifəli şəxslərin - Milli Təhlükəsizlik Bürosunun rəhbərinin, Baş prokurorun, ədliyyə nazirinin, bəzi hərbi generalların, eləcə də donanma rəhbərliyində təmsil olunan şəxslərin istefaları qeydə alınıb. Bu isə ABŞ daxilində müharibəyə qarşı mövqelərin mövcudluğuna işarə kimi qiymətləndirilir:

"İranda isə ya bu tip qüvvələr açıq şəkildə görünmür, ya da mövcud idarəetmə sistemi o qədər sərtdir ki, belə addımlar ya atılmır, ya da ictimaiyyətə çıxmır.

Qalibaf hazırda İranda əsas siyasi fiqurlardan biri olaraq qalır. Onun danışıqlar qrupundan çıxarılması ilə bağlı məlumatların yayılması isə bəzi ehtimallara görə, təhlükəsizlik amilləri ilə əlaqələndirilə bilər. Xüsusilə də İnqilab Keşikçiləri Korpusuna bağlı və ya keçmişdə bu struktura yaxın olmuş şəxslərin İsrail tərəfindən hədəfə alınması halları nəzərə alınarsa, belə informasiyalar diqqəti yayındırmaq məqsədi daşıya bilər".

Həmsöhbətimiz qeyd edir ki, ümumilikdə, bu proseslərin danışıqların gedişinə ciddi təsir göstərəcəyi gözlənilmir. İran və ABŞ arasında hazırda nisbi səssizlik müşahidə olunsa da, vəziyyət qeyri-müəyyən olaraq qalır. ABŞ prezidenti Donald Trampın atəşkəsin uzadılması ilə bağlı mövqeyi və regionda artan gərginlik fonunda, xüsusilə Hörmüz boğazı ətrafında vəziyyətin sabit olmaması, istənilən an prosesin yenidən aktiv fazaya keçə biləcəyini göstərir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR