• Bakı 27° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Qanunsuz narkotik dövriyyəsi ilə bağlı 4675 cinayət faktı aşkarlanıb

CƏMİYYƏT

18 Iyul 2025 | 15:30

Qanunsuz narkotik dövriyyəsi ilə bağlı 4675 cinayət faktı aşkarlanıb

Son altı ayda (yanvar-iyun) qanunsuz narkotik dövriyyəsi lə bağlı 4 min 675 cinayət faktı aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Qeyd olunub ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 675 cinayət faktı aşkarlanıb. Onlardan 1 484-ü narkotik vasitələrin qanunsuz satışı, 3092-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 97-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 290 kq 046,798 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 702 kq 002,105 qramını marixuana, 226 kq 593,65 qramını heroin, 87kq 643,147 qramını tiryək, 42kq 920,438 qramını həşiş, 134 kq 254,227 qramını digər narkotik vasitələr və 96 kq 633,231 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 5 183 ədəd metadon, 12 min 222 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb,39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 570 hektar sahədən yaş kütləsi 152 ton 391 kq olan 2 269 742 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 290 kq 046,798 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 109 milyon 706 min 109 AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2838 nəfər cəlb edilib. Həmin şəxslərdən 2 745-i kişi, 93-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 52 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 722 kq 214,275 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 198,217 qr çətənə kolu götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 120 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 627 kq 670,598 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 140 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 289 kq 131,353 qr nakotik vasitə, psixotrop maddə maddə müsadirə edilib.

1308 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 973 kq 750,99 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1000, qanunsuz satış ilə bağlı faktların sayı 250, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 730, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 19, bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 1, qaçaqmalçılıqla bağlı faktların sayı 3, qrup halında olan cinayətlərin sayı 29 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1043 nəfər azalmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 567 kq 404,073 qr artıb.

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 204 kq 760,745 qr (47,5%), tiryəkin çəkisi 6 kq 453,287 qr (6,9%), psixotrop maddələrin çəkisi 34 kq 731,972 qr (26,4%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 702 kq 002,105 qr-n (86,2 %) marixuana təşkil etmişdir. Onun da 3 ton 369 kq 006,83 qramı (91,0%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 332 kq 995,275 qramı (8,9 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar tarixində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 24 qərar əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 5 ton 168 kq 332,011 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr və 29-30 may 2025-ci il tarixlərdə isə 2397 məhkəmə hökmü üzrə 5 ton 094 kq 323,346 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 31 rayon və şəhərdə 1301 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 33 kq 357,505 qr və 21 həb müxtəlif narkotik vasitələr, psixotrop maddələr, 4 kapsul güclü təsir edən maddə və 248 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 46420 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2531 nəfərdən 1459 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 307, QİÇS-lə Mübarizə Mərkəzində 343, Sumqayıt Narkoloji Mərkəzində 136 nəfər) 786 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Bu ilin iyun ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 29 (4,5%) nəfəri inyekson narkotik istifadəçiləri olub.


SON XƏBƏRLƏR