Cəlilabadda qardaşı uşaqlarını baltalamaqda təqsirləndirilən Əli Nağıyevin ölüm səbəbi məlum olub.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumatda bildirilir ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) 03.02.2026-cı il tarixində saat 00:10-da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə davam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.
Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.02.2026-cı il tarixində 01:00-da bioloji ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.
Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Nağıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılmışdı.
***
14:45
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Naǧıyev Əli Hüseynbala oǧlunun ölümünün təfərrüatları məlum olub.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Ə.Nağıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb.
Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Ə.Nağıyev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.
***
14:41
Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb.
Bakıvaxtı.az-ın xəbərinə görə, apa-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxs ötən gecə səhhətində yaranan problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada vəfat edib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
***
14:11
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.
Bakıvaxtı.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.
Bakı 




