Beynəlxalq cinayətkar qrup Qazaxıstan və Özbəkistan arasında neft məhsullarının qaçaqmalçılığı üçün yeraltı tunel çəkib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, iki ölkənin hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində cinayətkar fəaliyyətin qarşısı alınıb.
"Qazaxıstan və Özbəkistan arasındakı sərhəd ərazisində bir qrup şəxs 450 m uzunluğunda yeraltı tunel çəkib. Qanunsuz fəaliyyət iki ay ərzində həyata keçirilib. Bu müddət ərzində cinayətkar qrup xaricdən maliyyələşdirmə, logistika və yanacaq-sürtkü materiallarının çıxarılmasını əhatə edən davamlı qaçaqmalçılıq sxemini qurub", - qurumun məlumatında bildirilib.
Əməliyyat zamanı cinayətkar sxemin bütün iştirakçıları, o cümlədən Özbəkistan vətəndaşları müəyyən edilib. Beş Qazaxıstan vətəndaşı şübhəli şəxs kimi tanınıb.
Hazırda istintaq başa çatıb, iş məhkəməyə göndərilib.