Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev AZAL-a məxsus təyyarə ilə bağlı istintaqın gedişatı barədə danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik Kazakhstan” məlumat yayıb.
Məlumata görə, nazir parlamentdəki çıxışı zamanı təyyarənin bəzi detallarının araşdırıldığı iki xarici laboratoriyadan hələlik rəsmi məlumat almadıqlarını bildirib:
“Əldə olunmuş daxili razılaşmaya əsasən, laboratoriya testinin hər iki tərəfə – Rusiya və Azərbaycana ötürülməsi barədə razılığa gəldik. Daha sonra Azərbaycan onu xarici mütəxəssislərə göndərdi”.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.
Bakı 



