• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Qazın nəqli, saxlanması və paylanması sistem operatorları tərəfindən həyata keçiriləcək

CƏMİYYƏT

13 Iyun 2025 | 13:26

Qazın nəqli, saxlanması və paylanması sistem operatorları tərəfindən həyata keçiriləcək

Qazın nəqli, saxlanması və paylanması sistem operatorları tərəfindən həyata keçiriləcək, hər sahə üzrə operator qaz təchizatı sahəsində digər fəaliyyətlə məşğul ola bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qazın nəqli qaz nəqli sistem operatoru tərəfindən həyata keçirilir. Qaz nəqli sistem operatoru qazın nəqlinə verilmiş icazə əsasında fəaliyyət göstərir. 

Qaz nəqli sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.

Qaz nəqli sistem operatorunun vəzifələri aşağıdakılardır:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə verilən yazılı göstərişlərə əməl etmək;
- qazın nəqli şəbəkəsinin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın nəqli xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
- qazın nəqli şəbəkəsinin dispetçer idarəetməsini təmin etmək;
- qazın nəqli şəbəkəsinə texniki xidmət göstərmək, onun təmirini və inkişafını təmin etmək;
- qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
- qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları tənzimləyiciyə təqdim etmək;
- müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
- tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu barədə, habelə sabit tarif haqqında istehlakçıya bildiriş və qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
- tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun tələbləri nəzərə alınmaqla həyata keçirilir);
- nəql etdiyi qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
- qazın nəqli şəbəkəsində baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;
- qazın idxalı üçün infrastruktur yaratmaq.
- Qaz nəqli sistem operatorunun hüquqları aşağıdakılardır:
- qazın nəqli şəbəkəsində qaz itkilərinin kompensasiyası, həmçinin balanslaşdırma məqsədilə qaz almaq;
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
- istehlakçıların qazın nəqli şəbəkəsinə qoşulmuş tikinti obyektlərinə qanunda nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq;
- qaz təchizatı subyektləri ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq, qazın nəqli infrastrukturunun imkanlarını və ölkə ərazisində qaza olan tələbatı müəyyən etmək.
Qazın saxlanması qazın saxlanması sistem operatoru tərəfindən həyata keçirilir. Qazın saxlanması sistem operatoru qazın saxlanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir. Qazın saxlanması sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
Qazın saxlanması sistem operatorunun vəzifələri aşağıdakılardır:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə yazılı göstərişlərə əməl etmək;
- yeraltı qaz anbarlarının işlək vəziyyətdə saxlanmasını və istismarını təmin etmək;
- yeraltı qaz anbarlarının istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlarla bağlanılmış müqavilələr əsasında qazın saxlanmasını həyata keçirmək;
- qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
- qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları tənzimləyiciyə təqdim etmək;
- saxladığı qazın keyfiyyət göstəricilərinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək.
Qazın saxlanması sistem operatorunun hüquqları aşağıdakılardır:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
- yeraltı qaz anbarlarında qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
- Qanunda nəzərdə tutulan hallarda qazın saxlanması sistemindən qaz alan istehlakçılara qazın verilməsini dayandırmaq.

Qazın paylanması qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilir. Qazpaylayıcı sistem operatoru qazın paylanmasına verilmiş icazə əsasında fəaliyyət göstərir. Qazpaylayıcı sistem operatoru qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
Qazpaylayıcı sistem operatorunun vəzifələri aşağıdakılardır:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;
- qaza tələbatın etibarlı şəkildə ödənilməsi üçün qazpaylayıcı şəbəkəyə texniki xidmət göstərmək, onun təmirini, inkişafını və qazpaylayıcı şəbəkənin dispetçer idarəetməsini təmin etmək;
- qazpaylayıcı şəbəkənin istifadəçiləri arasında ayrı-seçkiliyə yol vermədən onlara qazın paylanması xidmətlərini təqdim etmək və onlarla bağlanılmış müqavilələr əsasında qazın nəqlini həyata keçirmək;
- qaz təchizatı sisteminin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək məqsədilə digər sistem operatorları ilə əməkdaşlıq etmək;
- istehlakçıların tikinti obyektlərinin qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq, qazpaylayıcı şəbəkəyə qoşulmasını təmin etmək;
- qaz təchizatı sisteminə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- maliyyə vəziyyəti və maliyyə nəticələri barədə hesabat və məlumatları tənzimləyiciyə təqdim etmək;
- Qanunda müəyyən edilən hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
- tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacını (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq, bu və sabit tarif barədə istehlakçıya bildiriş, habelə qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda qaz satıcısının adından hesab təqdim etmək;
- tikinti obyekti qazpaylayıcı şəbəkəyə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (Qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun tələbləri nəzərə alınmaqla həyata keçirilir);
- təchiz etdiyi qazın keyfiyyət göstəricilərinin, təzyiqinin qaz təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktlara uyğunluğunu təmin etmək;
- qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almaq və nəticələrini aradan qaldırmaq;
- istehlakçıların qaz qurğularına və qaz xətlərinə müayinəni və istehlakçı ilə bağlanılmış müqaviləyə uyğun olaraq texniki xidməti həyata keçirmək;
- qazpaylayıcı şəbəkəyə qoşulan tikinti obyektlərində istismarda olan qaz qurğularının uçotunu aparmaq;
- qazın satıcı və ya istehlakçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmuş təzyiqdə, həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində onlara vurulmuş zərərin əvəzini ödəmək.
Qazpaylayıcı sistem operatorunun hüquqları aşağıdakılardır:
- qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların təkmilləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təkliflər vermək;
- qanunda nəzərdə tutulan hallarda qazın verilməsini dayandırmaq;
- qazpaylayıcı şəbəkədə qaz itkilərinin kompensasiyası üçün qaz almaq;
- istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək.
Qazın nəqli, saxlanması və paylanması üzrə operatorların qaz təchizatı sahəsində digər fəaliyyətlə məşğul ola bilməyəcəklərinə dair tələb 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025