• Bakı 27° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Tovuz döyüşləri: Ordumuzun qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi - Əmrah Mövsümzadə yazır

CƏMİYYƏT

13 Iyul 2025 | 00:54

Tovuz döyüşləri: Ordumuzun qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi - Əmrah Mövsümzadə yazır

Azərbaycan Respublikasının dövlətçilik tarixinə və milli hərbi salnaməsinə qızıl hərflərlə yazılan Tovuz döyüşləri, təkcə hərbi cəhətdən deyil, həm də siyasi və strateji baxımdan ölkəmizin qətiyyətinin, xalq-ordu birliyinin və milli iradənin təntənəsi kimi qiymətləndirilməlidir.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması, növbəti dəfə düşmənə milli gücümüzü və əyilməz iradəmizi nümayiş etdirdi.

Azərbaycanın Böyük Qələbəyə gedən yolunun mühüm mərhələləri olan 2016-cı ilin Aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz döyüşləri bir daha sübut etdi ki, dövlətimiz hər bir təhlükəyə cavab verməyə qadir olan qüdrətli ordusu, mütəşəkkil siyasi iradəsi və bir yumruq kimi birləşmiş xalqı ilə regionda sabitliyin və güc balansının əsas təminatçısına çevrilmişdir. Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı birləşmələrinə ciddi zərbələr endirilərək, "yenilməz Ermənistan ordusu" mifinin əsassız olduğu sübut edildi.

Tovuz döyüşləri, hərbi əməliyyatlarla yanaşı, geosiyasi baxımdan da əhəmiyyətli idi. Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan nəinki Cənubi Qafqazda, həm də MDB məkanında dayanıqlı iqtisadi-sosial inkişafı fonunda müasir və peşəkar ordu quruculuğu sahəsində nümunəvi mövqeyə malikdir. Ermənistanın planlaşdırdığı gözlənilməz hücum və təxribat cəhdləri Azərbaycan Silahlı Qüvvələrinin çevik və peşəkar reaksiyası ilə qarşılandı. Düşmən tərəfi yüzdən çox hərbi qulluqçusunu və onlarla hərbi obyektini itirməklə ağır məğlubiyyətə düçar oldu.

Tovuz döyüşləri zamanı qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, baş leytenant Rəşad Mahmudov və digər igid hərbçilərimiz xalqımız tərəfindən sonsuz ehtiramla daima yad edilib .Onların canı və qanı bahasına qorunan torpaqlarımız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə rəmzə çevrilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev həmin günlərdə verdiyi açıqlamalarda açıq şəkildə bildirdi ki, bu təxribat Ermənistanın planlaşdırılmış hərbi təxribat siyasətinin tərkib hissəsidir və Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü istənilən vasitə ilə qorumağa qadirdir. Dövlət başçısı qeyd etdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib".

Tovuz döyüşləri xalqla dövlət arasında möhkəm birliyin təzahürünə çevrildi. Azərbaycanın bütün bölgələrində və diaspor təşkilatları səviyyəsində orduya dəstək aksiyaları keçirildi, əsgərlərimizə mənəvi dayaq gücləndirildi. Bu hadisələr sübut etdi ki, Azərbaycanın Silahlı Qüvvələri təkcə hərbi qüvvə deyil, eyni zamanda milli həmrəyliyin, dövlətçiliyin və xalq iradəsinin simvoludur.

Düşmən tərəf isə bu qarşıdurmada həm hərbi, həm psixoloji, həm də informasiya müharibəsində aciz vəziyyətə düşdü. Ermənistan rəhbərliyi itkiləri gizlətməyə çalışsa da, faktlar onların təbliğatını alt-üst etdi. Ermənistan cəmiyyəti daxilində xaos, gərginlik və dövlətə inamsızlıq daha da gücləndi.

Tovuz döyüşləri Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinə də güclü təsir göstərdi. Bir çox dövlətlər, xüsusilə Türkiyə, Pakistan, Ukrayna, İsrail və Avropa İttifaqının bəzi üzv ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəklədi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində müdafiə olunmasını vacib hesab etdilər. Bu, eyni zamanda Ermənistanın regional və beynəlxalq səviyyədə təcridinin daha da dərinləşməsinə səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu döyüşlərlə bağlı səsləndirdiyi fikirlər ölkəmizin milli təhlükəsizlik və müdafiə strategiyasını tam əks etdirir:

"Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil".

Tovuz döyüşləri nəticəsində əldə edilən uğurlar, sadəcə lokal döyüş nəticəsi deyil, həm də 2020-ci ilin payızında başlayan Vətən müharibəsində əldə ediləcək böyük qələbənin xəbərçisi oldu. Bu döyüşlər, Azərbaycan Ordusunun strateji hazırlığını, texniki və taktik üstünlüyünü və ən əsası, xalqın dövlətə və orduya inamını bir daha nümayiş etdirdi.

Nəticə etibarilə, Tovuz döyüşləri Azərbaycan dövlətçiliyi tarixində şərəfli və qürurverici bir səhifə olaraq qızıl hərflərlə yazıldı. Bu zəfər, yalnız Ermənistanın hərbi zəifliyini deyil, həm də Azərbaycanın regiondakı siyasi, hərbi və mənəvi üstünlüyünü bir daha təsdiqlədi. Bu qəhrəmanlıq nümunəsi gələcək nəsillər üçün həm iftixar mənbəyi, həm də milli mübarizə irsinin təməl daşı olaraq qalacaq..

Əmrah Mövsümzadə

Bakıvaxtı.az üçün 


SON XƏBƏRLƏR

12 Iyul 2025