“Suriya prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda Suriyanın gələcəyi və regional əməkdaşlıq baxımından da mühüm əhəmiyyət kəsb edir”.
Bunu Bakıvaxtı.az-a politoloq Zeynal Əmrəliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın iyulun 12-də Azərbaycana işgüzar səfərini şərh edərkən deyib.
O, qeyd edib ki, 2011-ci ildən "Ərəb baharı" hadisələrindən, Suriyada xalq hərəkatı başladıqdan sonra Azərbaycan və Suriya arasında bir durğunluq dövrü başlamışdı. Bu müddətdə Azərbaycanın qardaş Türkiyənin yanında yer alması səbəbindən Suriyadakı Əsəd rejimi Ermənistanın müttəfiqinə çevrilmişdi.
"44 günlük savaşı zamanı da Əsəd rejiminin Ermənistanı dəstəkləməsinin şahidi olduq. Artıq Suriya xalqı əli qanlı diktatoru hakimiyyətdən devirib, o, ölkədən qaçmağa məcbur qalıb. İndi Suriyada müvəqqəti hökumət formalaşıb. Həmin ölkənin lideri kimi Əhməd Əl Şaraa Suriyanın gələcəyi naminə müxtəlif dövlətlərlə əməkdaşlığı gücləndirir. Qonşu ölkələrlə münasibətlərin nizamlanması, problemli qüvvələrlə sülh prosesinin hazırlanması-daxildə bəzi siyasi qüvvələrlə əməkdaşlıq barədə müqavilələr imzalandı. Həmçinin, paralel şəkildə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması istqamətində addımlar atılır” - Z. Əmrəliyev vurğulayıb.
Politoloq diqqətə çatdırıb ki, Əhməd Əl Şaraanın Bakıya səfəri zamanı əsas müzakirə mövzusu enerji sahəsində Azərbaycan-Suriya arasında əməkdaşlığı gücləndirməkdir:
“Ehtimal ki, Azərbaycan enerji şirkətlərinin Suriyadakı fəaliyyəti daha da genişləndiriləcək. Suriyada neft və qaz yataqlarının işlənməsində Azərbaycan aktiv iştirak edəcək. Çünki Azərbaycanın bu sahədə geniş təcrübəsi mövcuddur. Azərbaycan bu sahədə Suriyaya yardım göstərməyə hazırdır. Eyni zmaanda Suriya da Azərbaycanın bu sahədəki yardımlarından məmnun qalır. Bu iki ölkə arasında sözügedən sahədəki əməkdaşlıq üçün çox gözəl fürsətlər yaranıb. Azərbaycan təkcə enerji sahəsində deyil, şəhər quruculuğu prosesində də Suriyaya dəstək göstərə bilər. Məlum olduğu kimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə-Qarabağda həyata keçirdiyi köçürülmə siyasəti bütün dünya, eləcə də Suriya üçün örnək olacaq. Ehtimal ki, Əl Şaraanın Bakıya səfərinin əsas məqsədi də yardımla bağlı Azərbaycanla razılaşma əldə etməkdir. Yaxın gələcəkdə Azərbaycanı Suriya və Yaxın Şərqdə aktiv şəkildə görə biləcəyik”.
Qeyd edək ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Aydın Baxış