• Bakı 16° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Aqressiv nəsil təhlükəsi: Yeniyetmə cinayətləri niyə artır?

CƏMİYYƏT

21 Noyabr 2025 | 10:35

Aqressiv nəsil təhlükəsi: Yeniyetmə cinayətləri niyə artır?

“Yeniyetmə dostunu bıçaqladı”, “17 yaşlı oğlan qətl törətdi”…

Demək olar, hər gün bu kimi xəbərlərə rast gəlirik. Müşahidələr son zamanlar baş verən belə cinayət hadisələrində yeniyetmələrin iştirakının artdığını deməyə əsas verir.

Bu aqressiyanın səbəbi nədir?

 Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bidirib ki, gənclər arasında qətl törətmə hallarının artmasının bir çox səbəbləri var. İlk növbədə bunu gənclərin, uşaqların və yeniyetmələrin sosiallaşma mühitində axtarmaq lazımdır. Onun sözlərinə görə, sosiallaşma mühiti kimi ailə, bağça, məktəb və bu gün bütün bunlardan daha güclü təsir göstərən sosial şəbəkə platformaları çıxış edir:

"Bu sosial institutların sağlamlıq dərəcəsi, uşaqların normal sosiallaşması üçün orada hansı şəraitlərin olması çox önəmlidir. Azərbaycanda münaqişəli ailələrin və boşanma hallarının sayı artıb. Belə ailələrdən çıxan uşaqlar, xüsusilə boşanma prosesi zamanı travma yaşayırlar, stress keçirirlər və nəticədə bu, onlarda aqressiyanın yaranmasına səbəb olur. Bu aqressiya isə çox vaxt ekstrovert formada - yəni kənara yönəlmiş şəkildə özünü göstərir. Sanki onlar ətrafına püskürür, başqalarına qarşı qısqanclıq və gərginlik hiss edirlər, evdə yaşadıqları travmanı ətrafa ötürürlər. Bu, səbəblərdən biridir".

Müsahibimiz eyni zamanda qeyd edir ki, bağçalarda və məktəblərdə də uşaqlar müəyyən zorakılıq formalarına məruz qala bilirlər. Bunun nəticəsində aqressiv davranışlar formalaşır. Aqressiya zamanla nifrət və kin hissinin yaranmasına gətirib çıxarır və bu da müxtəlif səviyyələrdə özünü büruzə verir:

"Ən təhlükəlisi isə odur ki, bu gün sosial institut kimi sosial şəbəkə platformalarında, internet resurslarında aqressiya təbliğ edən paylaşımlar çoxdur. Cinayət aləminə məxsus şəxslərin sosial şəbəkələrdə müxtəlif formalarda qəhrəmanlaşdırılması halları müşahidə olunur. Bəzən qəzetlərdə, saytlarda və hətta televiziya kanallarında cinayətkarlarla bağlı xüsusi materiallar təqdim olunur. Bütün bunlar psixoloji cəhətdən zəif olan gənclərə mənfi təsir göstərir və bəzi gənclər bu şəxsləri özlərinə ideal hesab etməyə başlayırlar. Nəticədə bəzi məktəblərdə məzun günlərində cinayət aləmini tərənnüm edən mahnıların səsləndirildiyini də görürük".

Üzeyir Şəfiyev: Sosial şəbəkələrdə aqressiyanı təbliğ edən paylaşımlar çoxdur

Müsahibimiz qeyd edir ki, bütün bunlar gənclərin davranışına təsir edir. Aqressiyanın artmasının qarşısını almaq üçün onlarla aparılan psixoloji işlər, tərbiyə və maarifləndirmə işləri gücləndirilməlidir.

Ü.Şəfiyev hesab edir ki, valideynlər də məktəb ilə birgə çalışaraq gənclərin aqressiyasının azaldılmasına və onların sağlam sosiallaşmasına nail olmalıdırlar.

Ekspert gənclər arasında psixotrop maddələrdən, müxtəlif zərərli vasitələrdən və alkoqoldan istifadə hallarının da artdığını vurğulayıb. Dediyinə görə, bu amillər də aqressiv davranışları gücləndirir.

O, sosial şəbəkələrdən uzunmüddətli asılılığın da səbəblər sədarsında olduğunu deyib.

“Bütün bu məsələlərə kompleks yanaşma tətbiq etmək vacibdir ki, gənclər arasında aqressiyanın qarşısı alına bilsin".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 Noyabr 2025