Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatı məhsulları üzrə yarmarkaların təşkili planlaşdırılır.
Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, bunu "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin üzvü Faiq Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı müvafiq qərarlar qəbul edildikdə rəsmi açıqlamalar ediləcək: “Azərbaycanın azad edilmiş ərazilərində də belə yarmarkaların təşkil edilməsi planımızda var. Ümumilikdə, həmin ərazilərdə bazar yerinin təşkili ilə bağlı işlər davam etdirilir. Bu il Kəlbəcərdə Bal Festivalı keçirildi. Gələn il də eyni festivalın daha böyük səviyyədə təşkilini planlaşdırırıq”.
F. Hüseynov eyni zamanda Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar tədarük və təchizat" ASC təşkilatçılığı ilə sayca 8-ci "Kənddən Şəhərə" Yeni il yarmarkasının fəaliyyətə başlaması ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka dekabrın 30-dək davam edəcək: “Yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.
Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxarıb.
Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verə bilərlər”.
“Fermerlər burada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında yerləşir”, - deyə F. Hüseynov qeyd edib.
Bakı 




