İsrailin Qəzza zolağına qarşı soyqırımının birinci ilinə yaxınlaşdığı bir vaxtda humanitar fəlakətin ortasında qalan fələstinli tələbələr artıq ikinci ildir ki, təhsildən məhrum edilirlər.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Fələstin rəsmiləri İsrailin hücumlarına başladığı 7 oktyabr 2023-cü il tarixindən Qəzzada təhsilin dayandırıldığını, İsrail ordusunun fələstinliləri təhsilsiz qoymaq və onların irəliləyiş imkanlarını məhv etmək üçün xüsusi olaraq təhsil müəssisələrini hədəf aldığını vurğulayıb.
İsrailin soyqırımından əvvəl təhsilin normal şəkildə davam etdiyi Qəzzada İsrail ordusunun hücumları təhsil müəssisələrini hədəf alaraq Qəzza zolağında təhsil prosesinin həyata keçirilməməsinə gətirib çıxarıb.
Fələstin tərəfinin məlumatlarına görə, 7 oktyabr 2023-cü ilə qədər Qəzza zolağında 17 universitet və icma kollecləri, həmçinin 800 min şagirdin təhsil aldığı 796 məktəb var idi.
İsrail ordusu hücumları ilə bu məktəblərdən 125-ni tamamilə, 337-ni isə qismən dağıdıb.
Əli Hüseynov