Müasir tibbin inkişafı insultun təbii gedişinə təsir edə bilən və xəstənin vəziyyətini xeyli yaxşılaşdıran müalicə üsullarının tətbiqinə imkan verir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova Nazirliyin “Instagram” səhifəsində canlıda bildirib.
Onun sözlərinə görə, işemik insult zamanı xəstəyə vaxtında tibbi yardım göstərilməsi böyük önəm daşıyır:
“Əgər xəstəyə tibbi yardım xəstəlik baş verdikdən sonrakı ilk saatlarda - yəni “qızıl zaman” adlandırılan mərhələdə göstərilərsə, nəticə daha müsbət olur. İşemik insult zamanı damar tıxanır, bu da beyinə qan axınının azalmasına gətirib çıxarır. Belə hallarda əsas məqsəd həmin damarı açmaq, laxtanı aradan qaldırmaq və beyin qan dövranını bərpa etməkdir. Bu proses tibbi dildə rekanalizasiya adlanır".
Nevroloq vurğulayıb ki, insultun ilk saatlarında aparılan müdaxilələr xəstəni ağır fəsadlardan və əlillikdən qorumağa, bəzən isə onun həyatını xilas etməyə imkan verir:
“Xüsusilə iri damarların tutulması hallarında vaxtında görülən tədbirlər həm beyin funksiyalarının bərpasında, həm də xəstənin həyatı üçün həlledici rol oynayır".
Əli Hüseynov
Bakı 


