“WUF13 ilə bağlı müzakirələrin qızğın getdiyi bir məqamda toxunmalı olduğumuz birinci amil odur ki, Azərbaycanın belə bir tədbirə evsahibliyi etməsi ilk deyil. Daha öncəki dönəmlərdə də Azərbaycan bir neçə tədbirin uğurla keçirilməsinə nail olub”.
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a WUF13 və ölkəmizin şəhərsalma mədəniyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, xüsusilə, COP29 çərçivəsində Azərbaycanın təşkilati məsələləri yüksək səviyyədə qurması, habelə bu istiqamətdə beynəlxalq birliyi narahat edən məsələlərlə bağlı konkret nəticələrin əldə edilməsi ondan xəbər verir ki, WUF13 tədbiri də son dərəcə yüksək səviyyədə keçir və o cür də yekunlaşacaq:
“Deməli, Azərbaycan proseslərin bu yerində, qlobal və regional gündəmin bu məqamında diqqətləri rəsmi Bakıya və bütövlükdə regiona çəkməyi də bacarıb. Bu, şübhəsiz ki, dayanıqlı sülhə də verilən bir töhfədir. Bu, birmənalı qaydada prezident İlham Əliyevin siyasətdə konseptual yanaşma tətbiq etdiyindən xəbər verir”.
Ş.Həsənova qeyd edib ki, tədbirin yüksək səviyyədə keçirildiyini isə sadəcə biz yox, ölkəmizə təşrif buyuran dövlət və hökumət başçıları, QHT rəhbərləri, eləcə də bu sahə üzrə xidmətləri olan ekspertlər, biznes nümayəndələri bildirir. Belə forumlar təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki dünyamız dəyişir, bu dəyişən dünyada fərqli yanaşmalara, problemlərə müxtəlif rakurslardan baxışlara zərurət yaranıb:
“Xüsusi məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan tarix boyu şəhərsalma mədəniyyəti nümayiş etdirən bir xalqdır. Əsrlər boyu böyük şəhərlərimizin salınması, habelə şəhərləşmə prosesi boyu milli-mənəvi irsimizin qorunub saxlanılması ondan xəbər verir ki, Azərbaycan tarixi yaddaşına dəyər verir, həm də ona sahib çıxır. Xüsusilə, dəyərlərin yuyulduğu, aşınıldığı bir dövrdə bu, son dərəcə mühüm amildir. Bu, Azərbaycan xalqının əzmindən, qətiyyətindən, tarixi irsinə sadiqliyindən, dəyərlərinə duyduğu xüsusi hörmətdən xəbər verir”.

Şəbnəm Həsənova: Azərbaycan tarix boyu şəhərsalma mədəniyyəti nümayiş etdirən bir xalqdır
Müsahibimiz vurğulayır ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhərsalma məsələlərini hər zaman diqqət mərkəzində saxlayırlar. Məhz bu amil Azərbaycan xalqı tərəfindən hər zaman dəyərləndirilib:
“Eləcə də humanitar diplomatiyanın uğurla icra edilməsi Azərbaycan xalqının mədəni obrazının dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, ölkəmizin müxtəlif bölgələri icra edilən yenidənqurma işləri ilə diqqət çəkir. Şübhəsiz ki, burada əsas region Qarabağ və Şərqi Zəngəzurdur. Azərbaycan "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları tətbiq etməklə həm də sübut edir ki, torpaq kimə məxsusdur:
“WUF13 ilə bağlı onu demək yerinə düşərdi ki, 182 ölkədən 42 mindən çox qonaq iştirak edirsə, deməli, bunun özü artıq bir uğurdur. Deməli biz, sadəcə Azərbaycanı deyil, beynəlxalq aləmi narahat edən dayanıqlı inkişaf, iqlim dəyişiklikləri, urbanizasiya kimi məsələləri diqqətdə saxlayır və onların həlli istiqamətində platforma təqdim etməyi bacarırıq”.
Zeynəb Rzayeva
Bakı 




