“İqlim dəyişikliyi və qlobal istiləşmə kənd təsərrüfatına, heç şübhəsiz, çox ciddi təsir göstərir. Azərbaycanda və dünyada fəsillərin xarakterinin dəyişməsi torpaqdan alınan məhsuldarlığa birbaşa təsir edir”.
Bu fikirləri Bakıvaxtı.az-a iqlim dəyişikliyi və qlobal istiləşmənin kənd təsərrüfatına təsirindən danışan kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov deyib.
Onun sözlərinə görə, bu təsir bir neçə istiqamətdə özünü göstərir: “Bunlardan biri vegetasiya dövrünün pozulmasıdır. Ya yay fəsli daha erkən gəlir, ya da payız daha gec başlayır. Bu da kənd təsərrüfatı üçün ciddi problemlər yaradır”.
Müsahibimiz qeyd edib ki, digər mühüm məsələ erkən çiçəkləmə və şaxta risklərinin artmasıdır. Ş.Nəcəfov bildirib ki, bir çox kənd təsərrüfatı məhsulları, xüsusilə meyvəçilik sahəsində olan bitkilər qış soyuğuna ehtiyac duyur:
“Əgər bu bitkilər kifayət qədər qış soyuğu saatı toplamırsa, məhsuldarlıq aşağı düşür. Qışın mülayim keçməsi həm məhsuldarlığa təsir edir, həm də zərərvericilərin artmasına şərait yaradır. Çünki sərt qışda zərərvericilərin bir hissəsi təbii yolla məhv olur. Mülayim qışlarda isə onların yaşama və yayılma ehtimalı artır. Bu da fermerləri əlavə olaraq kimyəvi və texniki vasitələrdən istifadəyə məcbur edir və nəticədə xərclərin artmasına səbəb olur".
Ekspertin sözlərinə görə, su çatışmazlığı da ciddi problemlərdən biridir. Quraqlıq dövrlərində kənd təsərrüfatı xüsusilə çətinliklə üzləşir. Son illərdə Azərbaycanda da ardıcıl quraqlıq dövrləri müşahidə olunub və bu, məhsuldarlığa ciddi ziyan vurub:
“Digər tərəfdən, yağışların qeyri-bərabər paylanması da problemlər yaradır. Bəzən yağıntı lazım olmayan vaxtda olur, lazım olan dövrdə isə ya olmur, ya da kifayət etmir. Bu vəziyyət aqrotexniki işlərin düzgün planlaşdırılmasını çətinləşdirir”.
Həmsöhbətimiz deyib ki, iqlim dəyişikliyi həm də zərərvericilərin və xəstəliklərin artmasına səbəb olur. Qışın mülayim keçməsi zərərvericilərin yumurtalarının və sürfələrinin daha çox sağ qalmasına imkan yaradır. Nəticədə yaz mövsümündə onların miqdarı artır və mübarizə daha çətin və xərc tələb edən hala gəlir. Bundan əlavə, rütubətin və temperaturun qeyri-sabitliyi göbələk xəstəlikləri üçün əlverişli şərait yaradır. Xüsusilə monilioz, meyvə çürüməsi, ağacların quruması, unlu şeh kimi xəstəliklərin yayılması artır".
Şahin Nəcəfov: Kənd təsərrüfatında dayanıqlılığın təmini üçün dövlət strukturları arasında koordinasiya gücləndirilməlidir
Ş.Nəcəfov bildirib ki, bu şəraitdə Kənd Təsərrüfatı Nazirliyi qarşısında vacib vəzifələr dayanır. Fəsil dəyişikliklərinə uyğunlaşmaq üçün strateji addımlar atılmalıdır. İlk növbədə damcı suvarma sistemlərinin geniş tətbiqi vacibdir. Dövlət tərəfindən bu istiqamətdə 40 faizədək subsidiya dəstəyi mövcuddur. Bu sistem suya qənaət etməklə yanaşı, torpağın rütubətini sabit saxlamağa imkan verir və artıq bir seçim deyil, zərurətə çevrilib:
"Digər mühüm istiqamət davamlı və iqlimə uyğun sortların seçilməsidir. Meyvəçilikdə düzgün calaqaltıların və dayanıqlı sortların tətbiqi məhsuldarlığın qorunması baxımından vacibdir. Eyni zamanda hava proqnozlarının daha operativ şəkildə fermerlərə çatdırılması da önəmlidir. Ekologiya və Kənd Təsərrüfatı nazirliklərinin birgə fəaliyyəti ilə fermerlərin mobil vasitələrlə vaxtında məlumatlandırılması onların iş planlamasına birbaşa təsir göstərə bilər.
Ümumilikdə, kənd təsərrüfatında dayanıqlılığın təmin olunması üçün dövlət strukturları arasında koordinasiyanın gücləndirilməsi vacibdir. Əgər məqsəd qida təhlükəsizliyinin qorunması və sektorun inkişafıdırsa, bu sahədə vahid və əlaqəli fəaliyyət qaçılmazdır".
Zeynəb Rzayeva
Bakı 




