• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Qrenlandiya gərginliyi NATO-da parçalanma riskini artırır - ŞƏRH

SİYASƏT

09 Yanvar 2026 | 12:48

Qrenlandiya gərginliyi NATO-da parçalanma riskini artırır - ŞƏRH

ABŞ rəsmilərinin Qrenlandiya ilə bağlı iddialı açıqlamaları NATO daxilində yeni gərginlik dalğası yaradıb. Belçikanın müdafiə naziri bu yanaşmanı “resurs savaşı” kimi dəyərləndirərkən, alyans daxilində strateji ərazilər və təbii resursların kimə məxsus olması məsələsi açıq mübahisə predmetinə çevrilib.

Bu fonda NATO daxilində təsir zonaları və resurs bölgüsü ilə bağlı ziddiyyətlərin dərinləşməsi alyansın gələcək siyasi birliyi ilə bağlı sualları aktuallaşdırır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ-nin bu cür açıqlamaları NATO daxilində ciddi çaxnaşmalara səbəb ola bilər. Onun sözlərinə görə, Danimarkanın həm NATO-nun əsas üzvlərindən biri, həm də Avropa İttifaqının aparıcı dövlətlərindən olması Vaşinqtonun mövqeyini daha da problemli edir.

Politoloq qeyd edib ki, Avropa İttifaqının mühüm üzvlərindən birinə qarşı ərazi iddiaları ilə çıxış edilməsi və faktiki olaraq hərbi müdaxilə ilə hədələmə alyans daxilində gərginliyi daha da artırır. Bu yanaşma NATO daxilində parçalanma riskini gücləndirir və Avropa İttifaqının ABŞ-yə qarşı daha sərt mövqe tutmasına zəmin yarada bilər:

“Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan Belçikanın məsələyə sərt reaksiya verməsi mövcud şəraitdə normal qarşılanmalıdır. Avropa ölkələri ABŞ ilə mövcud müttəfiqlik münasibətləri və öz strateji maraqları arasında ciddi seçim qarşısında qala bilərlər”.

Zeynal Əmrəliyev: ABŞ ilə Aİ münasibətləri çox da uzun çəkməyəcək

Ekspertin sözlərinə görə, bu proses Fransanın uzun müddətdir gündəmdə saxladığı Avropa İttifaqının vahid ordusunun yaradılması ideyasını yenidən aktuallaşdıra bilər. Onun sözlərinə görə, Avropanın ABŞ-dən asılı olmayan, müstəqil güc kimi formalaşması ehtimalı getdikcə daha real görünür.

Müsahibimiz hesab edir ki, ABŞ ilə Aİ münasibətləri çox da uzun çəkməyəcək. Həmçinin əgər Aİ öz müstəqil orudusunun yaradılması barədə düşünərsə, bu NATO-nun parçalanmasına zəmin olacaq.

“Əgər ABŞ iddia edildiyi kimi Qrenlandiya ilə bağlı daha sərt addımlar atarsa, bu, NATO daxilində dərin böhran yaradaraq alyansın siyasi birliyini ciddi şəkildə sarsıda bilər”, - deyə Zeynal Əmrəliyev qeyd edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

09 Yanvar 2026