Müştəri “Kontakt Home” mağazasından qulaqlıq alıb, məhsul istifadə olunmuş və texniki cəhətdən nasaz olub. Bu səbəblə məhsulu geri qaytaran müştəri problemlərlə üzləşib, üstəlik, onu məhkəməyə verib nasaz məhsulun pulunu alıblar!
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, mağazanın müştərisi Gülnar Ədalət qızı Hüseynova “Azad İstehlakçılar” İctimai Birliyinə müraciət edərək istehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə bağlı ciddi narahatlıqlarını bildirib.
Gülnar Hüseynova müraciətində yazır ki, 30.07.2022-ci il tarixində “Kontakt Home” mağazasının Azadlıq filialından 650 manata “Apple” markalı qulaqlığı kreditlə və müqavilə əsasında alıb. Məhsula 1 il zəmanət verilib.
“Bu məhsulu hədiyyə məqsədilə almışdım. Satıcılar tərəfindən məhsulun tamamilə yeni və qüsursuz olduğu bildirildi. Mən də bu məlumata əsaslanaraq məhsulu alıb, istifadə etmədən bir müddət evdə saxladım və sonra hədiyyə etdim. Lakin məlum oldu ki, məhsul istifadə olunmuş və texniki cəhətdən nasazdır. Bacım da həmin gün eyni məhsulu almış və qüsurlu olduğunu görüb qaytara bilmişdi. Bu barədə dərhal mağazaya müraciət etdim və məhsulun dəyişdirilməsini və ya geri qaytarılmasını tələb etdim.
Tələbim rədd olundu və məhsul “Servis Link” texniki xidmət mərkəzinə yönləndirildi. Orada bildirildi ki, məhsul həqiqətən qüsurludur, lakin yalnız təmir edilə bilər. Mən təmirə razı olmadım və yenisi ilə əvəzlənməsini tələb etdim. Məhsul servis mərkəzində saxlanıldı, mənə bu barədə qüsur aktı təqdim olundu. Məhsulun qutusunu, sənədləri və aksesuarları mağazaya təhvil verdim. Əgər yeni məhsul verilməyəcəksə, ödəniş etməyəcəyimi bildirərək müqaviləyə xitam verilməsini istədim. Mağaza əməkdaşları bu istəyə müsbət cavab verdilər. Bu zaman mən artıq 50 manat ödəmişdim”, - deyə şikayətçi AİB-ə təqdim etdiyi şikayətində qeyd edir.
Bildirir ki, növbəti 2 il ərzində ona mağazadan zəng edən, bildiriş göndərən olmayıb:
“Lakin 2024-cü ildə Füzuli Rayon Məhkəməsindən zəng gəldi və bildirildi ki, “Kontakt Home” məni məhkəməyə verib, mənim iştirakım olmadan qərar çıxarılıb və borclu kimi tanınmışam.
Şirkət iddia edir ki, mənə zəng və mesaj göndərilib, lakin bu, həqiqətə uyğun deyil. Məhkəmə sənədindən ehtiyat edərək qulaqlığı geri götürmək qərarına gəldim. “Servis Link” mərkəzinə getdim və öyrəndim ki, qulaqlığın hissələri dəyişdirilib. Məhsulu götürüb mağazaya yaxınlaşdım və qutu, adapter, sənədləri tələb etdim.
Bildirildi ki, vaxt keçdiyindən heç nə saxlanılmayıb. Qulaqlığın yenidən nasaz olduğu üzə çıxdı, lakin zəmanətin bitdiyi deyildi. Təkidimlə ödənişsiz baxılmasına qərar verildi və mən bu müddətdə 30 manat da aylıq ödəniş etdim. 10 gün sonra servis mərkəzi zəng edərək bildirdi ki, təmir üçün 249 manat ödəniş tələb olunur. Mən bu ödənişi etmədim və məhsulu təmirsiz geri götürdüm. Nəticədə iş yerimə məhkəmə qərarı göndərildi və maaşımdan 109 manat tutuldu”.
Gülnar Hüseynova qeyd edir ki, aylıq 500 manat maaş alır, kirayədə yaşayır:
“Məbləğin bu şəkildə tutulması mənə ağır sosial və maliyyə zərbəsidir. Ən əsası odur ki, məhkəmə prosesi mənim xəbərim olmadan keçirilib. Bu, Konstitusiya ilə təmin olunmuş müdafiə hüququmun pozulmasıdır.
Tələb edirəm ki, mənə qarşı çıxarılan məhkəmə qərarının ləğvi üçün prokurorluq hərəkətə keçsin. Ödədiyim bütün məbləğlərin ilkin ödəniş, aylıq ödənişlər və əməkhaqqımdan tutulan vəsaitin tam şəkildə geri qaytarılması təmin olunsun. Qüsurlu məhsul geri götürülsün və məsuliyyət “Kontakt Home” tərəfindən üzərinə götürülsün”.
Məsələ ilə bağlı “Kontakt Home” rəsmilərini dinləməyə hazırıq.