Hakimiyyət bölgüsü prinsipinin həyata keçirilməsi və hakimiyyət qolları arasında əlaqələrin səmərəli təşkili hüquqi dövlətin vacib tələblərindən biridir.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfransda Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev deyib.
O, bildirib ki, demokratik cəmiyyətin əsas təməllərindən biri hüquqi dövlətdir:
"Hüquqi dövlət quruculuğunda isə hakimiyyətlərin bölgüsü prinsipinin həyata keçirilməsi əsas şərtdir. Şarl Monteskye özünün məşhur “Qanunların ruhu” əsərində qeyd etdiyi kimi məhkəmə hakimiyyəti qanunvericilik və icra hakimiyyətlərindən ayrılmadığı təqdirdə heç bir azadlıqdan söz gedə bilməz".
O, əlavə edib ki, müasir konstitusion quruluşun fundamental əsaslarından biri dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına ayrılması təşkil edir: "Bu amil təmərküzləşmənin və hakimiyyətdən sui-istifadənin qarşısını alan, insan və vətəndaş hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratiyanın təminatına xidmət edən zəruri şərtdir. Hakimiyyət bölgüsünü təmin edən əsas element isə hər bir hakimiyyət qolunun malik olduğu səlahiyyətlərdir. Məhz müxtəlif hakimiyyət orqanlarına məxsus olan səlahiyyətlərin bir-birinə olan münasibətindən asılı olaraq hakimiyyət bölgüsünün nə dərəcədə düzgün və möhkəm olduğunu müəyyən etmək olar".