BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib ki, mənzil sektoru Afrika qitəsində urbanizasiya prosesinin mərkəzi elementinə çevrilməlidir.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, sürətlə artan əhali dinamizmi, qeyri-rəsmi məskunlaşma riskləri və şəhərlərin genişlənməsi fonunda mənzil siyasətinin gücləndirilməsi qitənin davamlı inkişafı üçün həlledici amildir.
Rossbax bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə səsləndirib.
O qeyd edib ki, urbanizasiya Afrikada həm böyük imkanlar, həm də ciddi çağırışlar doğurur. Bu səbəbdən hökumətlərin şəhərsalma strategiyalarında münasib qiymətli, təhlükəsiz və davamlı mənzil layihələri əsas prioritet kimi müəyyənləşdirilməlidir.
UN-Habitat rəhbəri vurğulayıb ki, bir çox Afrika şəhərlərində sürətli urbanizasiya nəticəsində infrastruktur yüklənib, qeyri-rəsmi məhəllələrin sayı artıb və sosial xidmətlərə çıxış məhdudlaşıb. Bu kontekstdə mənzil sektorunun inkişafı təkcə sosial rifahın deyil, həm də iqtisadi sabitliyin təmin edilməsi baxımından vacibdir.
Rossbax əlavə edib ki, mənzil siyasəti yalnız tikinti ilə məhdudlaşmamalı, şəhər planlamasında torpaq idarəetməsi, yaşıl və dayanıqlı infrastruktur, eləcə də icmaların müqavimətliliyinin artırılması kimi komponentləri də özündə birləşdirməlidir. Onun sözlərinə görə, Afrika ölkələri urbanizasiya prosesini düzgün idarə edə bilsələr, şəhərlər iqtisadi artımın mühərrikinə çevrilə bilər.
Qeyd edək ki, WUF13 çərçivəsində keçirilən regional görüşdə Afrika qitəsində şəhərsalma, mənzil siyasəti, dayanıqlı inkişaf və ekoloji davamlılıq məsələləri müzakirə olunub, həmçinin UN-Habitat ilə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib.
Əli Hüseynov
Bakı 




