Son 10 ildə şəhərsalma sahəsində baş verən dəyişikliklər və qarşıdakı dövr üçün hədəflər urbanizasiyanın insan və təbiət yönümlü şəkildə qurulmasını zəruri edir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirib.
Çıxışda bildirilib ki, forum çərçivəsində hər iki ildən bir qəbul olunan qərarlar və müəyyənləşdirilən hədəflər yenidən nəzərdən keçirilir:
“2016-cı ildən başlayaraq müəyyən edilən istiqamətlər əsasında son 10 ildə görülən işlər və növbəti 10 il üçün planlar müzakirə olunur”.
Qeyd olunub ki, şəhərlərin inkişafı yalnız iqtisadi maraqlarla ölçülməməlidir:
“Şəhərlər təbiətlə uyğun şəkildə inkişaf etməlidir. Şəhərlərdə heç bir tərəfin marağı üstün tutulmamalı, insan amili əsas mərkəzdə dayanmalıdır. Urbanizasiya insanlaşdırma prosesi olmalıdır”.
Çıxış zamanı qeyri-rəsmi və rəsmi yaşayış məntəqələri arasında inteqrasiyanın vacibliyi vurğulanıb:
“Qeyri-rəsmi yaşayış məntəqələri ilə rəsmi yaşayış sahələri bir araya gətirilməli, bunun üçün uyğun siyasət və strategiyalar həyata keçirilməlidir. Şəhərsalma məhz bu yanaşma əsasında qurulmalıdır”.
Bildirilib ki, torpağa yalnız iqtisadi resurs kimi baxmaq düzgün deyil:
“Torpaq təkcə iqtisadi dəyərə malik olmamalıdır. Onun sosial və ekoloji funksiyaları da nəzərə alınmalıdır. Şəhərlərin inkişafı zamanı bu məsələlər xüsusi diqqətdə saxlanmalıdır”.
Sonda inklüziv və təhlükəsiz şəhər mühitinin yaradılmasının vacibliyinə toxunulub:
“Burada geniş və əlçatan ictimai məkanlardan, təhlükəsizlikdən, qadınların və müxtəlif sosial qrupların rahat istifadə edə biləcəyi şəhər mühitindən danışırıq. Məqsəd hər kəs üçün daha yaşanıqlı şəhərlər qurmaqdır”.
Zeynəb Rzayeva
Bakı 




