Gürcüstanda “qanuni oğru”lar Tengiz Xoperiya (Çinka) və İrakli Lejava (Lazare) barəsində “oğru razborkaları”nda iştirak etdiklərinə görə qiyabi olaraq ittiham irəli sürülüb.
Bakıvaxtı.az-ın məlumatına görə, Lent.az xarici mediaya istinadla bildirir ki, ümumilikdə Gürcüstanda “qanuni oğru”lar və kriminal aləmlə əlaqələrə görə 20 nəfər saxlanılıb. Xoperiya, Lejava və biri İnterpol xətti ilə axtarışda olan daha iki şəxsə qarşı qiyabi ittiham irəli sürülüb. Xoperiya və Lejava da axtarışa verilib.
Xüsusi əməliyyat həm Tbilisidə, həm də Acar Muxtar Respublikası, Quriya, İmereti və Kaxeti bölgələrində keçirilib.
stintaqın məlumatına görə, saxlanılan şəxslərə qarşı aparılan gizli müşahidələr nəticəsində müəyyən edilib ki, onlar şəxsi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında maliyyə mübahisələrinin həllinə müdaxilə ediblər.
Araşdırmanın nəticələrinə əsasən, Gürcüstan və Türkiyə ərazisində təqsirləndirilən şəxslərin və mübahisə edən tərəflərin iştirakı ilə “oğru razborkaları” təşkil olunub və bu mübahisələrdə ölkə xaricində olan “qanuni oğru”lar Tengiz Xoperiya və İrakli Lejava da iştirak ediblər.
Müəyyən edilib ki, təqsirləndirilən şəxslər “oğru ənənələrinə” uyğun olaraq qərarlar qəbul edib və mübahisə edən tərəflərdən birini digər tərəfə, eləcə də öz xeyirlərinə pul ödəməyə məcbur ediblər.
Təyin olunmuş konkret müddətlərin pozulması halında isə onları fiziki zorakılıq və həyatdan məhrum etməklə hədələyiblər.
Polis tərəfindən təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində aparılan axtarış zamanı sübut kimi kompüter avadanlığı və mobil telefonlar götürülüb. Bu cihazlarla onlar bir-biriləri ilə və xaricdə olan kriminal avtoritetlər və “qanuni oğru”larla əlaqə saxlayıblar.
İstintaq hərəkətləri nəticəsində polis tərəfindən müxtəlif növ narkotik vasitələr və atəşli silahlar da götürülüb.
Təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, "Çinka" ləqəbli "qanuni oğru" mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın adamı olub.