• Bakı 21° C

    14.92 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Rusiya istəmir, amma dünya qəbul edir: Azərbaycan həqiqətləri - ŞƏRH

SİYASƏT

03 Iyul 2025 | 13:10

Rusiya istəmir, amma dünya qəbul edir: Azərbaycan həqiqətləri - ŞƏRH

Azərbaycan-Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan gərginlik regionun geopolitik dinamikasında mühüm yer tutur.

Əksəriyyət bu gərginliyin səbəbini Azərbaycanın atdığı addımlarda görsə də, əslində proseslərin kökü daha dərindir və Azərbaycanın milli maraqlarını müdafiə etməsi ilə birbaşa bağlıdır. Qarabağın azad edilməsindən sonra ölkəmizin beynəlxalq nüfuzunun artması və regional aktor olaraq daha güclü şəkildə mövqe nümayiş etdirməsi bəzi gücləri narahat edib. Təkcə Rusiya deyil, digər imperialist düşüncəli dövlətlərin də bu reallıqdan narahatlıq keçirməsi regionda baş verən proseslərə münasibətdə özünü açıq şəkildə göstərir. Hazırkı vəziyyəti düzgün təhlil etmək üçün təkcə siyasi deyil, həm də iqtisadi və sosial amillər nəzərə alınmalıdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin gəldiyi mövcud durum Azərbaycanın atdığı addımların nəticəsi deyil:

"Hər şeydən əvvəl bilinməlidir ki, Azərbaycan beynəlxalq hüquq kontekstində öz milli maraqlaazərının realizəsi istiqamətində addımlar atır. Bu, heç bir tərəfin maraqlarının əksinə yönəlməyib. Qarabağın azad edilməsindən sonra Azərbaycanın regionda və dünyada nüfuzu artıb. Bu, inkarolunmaz həqiqətdir artıq. Təbii ki, bu amilin özü də təkcə Rusiyanı deyil, digər imperialist təfəkkürə malik dövlətləri də qıcıqlandırır".

Deputatın sözlərinə görə, fakt odur ki, İranın da Azərbaycanın artan nüfuzuna hiddətləndiyinin şahidi olduq:

"İran Azərbaycana qarşı ən kritik addımlar atsa belə, Azərbaycan da mövqeyindən geri addım atmadı. Eyni yanaşmanı biz bütün dövlətlərə sərgiləyirik. Gərginləşən münasibətlər kontekstində bundan öncə Cənubi azərbaycanlıların olduğu kimi, indi də Rusiyada yaşayan azərbaycanlıların da Vətənimizə gəlməsi məsələsi aktuallaşıb. Zaman-zaman bu mövzu gündəmə gəlsə də, düşünürəm ki, ilk növbədə bu, məhz gərginləşən münasibətlər fonunda daha çox aktuallıq qazanıb. Buna qədər gedib çıxmayacağını düşünürəm".

Azər Badamov: Zənnimcə, gərginlik uzanmayacaq, çünki...

Müsahibimiz qeyd edib ki, hər cür ssenarini nəzərdən keçirməkdə fayda var, real siyasət də bunu tələb edir:

"Rusiyada milyon yarıma qədər azərbaycanlı yaşayır. Bu, insan resursu, işçi qüvvəsi baxımından kifayət qədər önəmli statistikadır. Zənnimcə, gərginlik uzanmayacaq. Çünki ilk növbədə Azərbaycan Cənubi Qafqazın ikinci cəbhə olması amalının qarşısını əvvəldən alır. İkincisi və ən əsası Azərbaycanın itirilməsi Rusiyanın maraqlarına əl vermir. Rusiya Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasında maraqlıdır".

Son olaraq deputat vurğulayıb ki, Azərbaycanın da nəqliyyat və kommunikasiyalarla bağlı yanaşması aydındır:

"Bölgənin iqtisadi baxımdan mərkəz olması əsas amaldır ki, Cənubi Qafqaz artıq konfliktlərdən məhz iqtisadi layihələrin nəticəsi olaraq uzaq qalsın. Bu isə siyasi baxımdan son dərəcə fundamental, iqtisadi baxımından dayanıqlı məsələdir".

Xatırladaq ki, Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya buraxılmaması ilə bağlı insident baş vermişdi. Deputat Moskvaya səfəri zamanı hava limanında saxlanılaraq heç bir izahat verilmədən geri qaytarılmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəyə sərt reaksiya verərək, bunu “qeyri-dost addım” kimi qiymətləndirmiş və rəsmi etirazını bildirmişdi.

Bu hadisə həmin dövrdə də iki ölkə arasında münasibətlərin gərginləşməsinin nümunələrindən biri kimi yadda qalmışdı.

Əli Hüseynov


SON XƏBƏRLƏR