Rusiya-Ukrayna danışıqlarının ikinci raundu da İstanbulda keçirilə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb. Qeyd edilib ki, İstanbul hazırda Rusiya-Ukrayna danışıqlar üçün ən münasib məkundır. Bildirilib ki, Vatikan bir sıra səbəblərdən Ukrayna-Rusiya danışıqları üçün belə məkan olmaq istəmir və ən mümkün variant İstanbuldur. Bununla bağlı detalların yaxın vaxtlarda elan olunması gözlənilir.
Xatırladaq ki, bundan öncə İstanbulda Rusiya və Ukrayna nümayəndələri bir araya gəliblər. Görüşün ən böyük nəticəsi əsir və girovların mübadiləsi olub.
Siyasi şərhçi Əhməd Şahidov Bakıvaxtı.az-a deyib ki, İstanbulda keçirilən danışıqların ikinci raundundan da ciddi nəticə gözləməyə dəyməz.
Ekspert vurğulayıb ki, son günlər Rusiya ordusu Kiyevə və digər əsas şəhərlərə hava hücumları həyata keçirir:
"Bu, Rusiya-Ukrayna müharibəsi başlayan 3 ildən bu yana ikinci belə böyük hücum əməliyyatıdır. Bu hücumlar artıq intensiv hal almağa başlayıb. Ukrayna buna cavab olaraq Belqorod vilayətində artıq hərbi əməliyyatlar keçirir. Moskva ətrafında dronların hücumu müşahidə olunur. Görünən odur ki, tərəflər artıq aktiv şəkildə hərbi əməliyyatları genişləndirirlər”.
Əhməd Şahidov: Ukrayna da artıq uzunmüddətli müharibə reallığını qəbul edir
Müsahibimizə görə, İstanbulda keçirilmiş əvvəlki görüşün nəticəsi o oldu ki, min nəfər əsir və girov dəyişdirildi. Heç bir siyasi irəliləyiş əldə olunmadı, atəşkəslə bağlı fikir ayrılıqları qaldı:
“Rusiya əlavə olaraq bir sıra maksimalist şərtlər irəli sürür. Moskva bildirib ki, 30 günlük atəşkəsin imzalanması üçün Ukrayna Qərbdən silah alışını dayandırmalıdır. Ukrayna tərəfi isə bunu Rusiyanın sadəcə siyasi manevri kimi dəyərləndirir. Kiyev iddia edir ki, Kreml müharibəni uzun müddət davam etdirmək üçün planlar qurur. Ukrayna da artıq uzunmüddətli müharibə reallığını qəbul edir".
Aydın Baxış