Rusiya-Ukrayna müharibəsi başlayan gündən sülhün əldə olunacağı bağlı müxtəlif proqnozlar və təkliflərin irəli sürüldüyü hər kəsə məlumdur.
Bakıvaxtı.az xatırladır ki, son olaraq, NATO baş katibi Mark Rutte Rusiya-Ukrayna müharibəsinin 2025-ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırmışdı. Həmçinin ABŞ başda olmaqla, bir sıra ölkələr sülhlə bağlı təkliflərini irəli sürüblər. Lakin ortada hələ də konkret nəticə yoxdur və müharibə davam edir.
Maraqlıdır ki, təklif olunan sülh sənədləri bu il tərəfləri barışığa razı sala biləcəkmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, fevralın 24-də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat adı altında həyata keçirdiyi işğalçılıq siyasətinin 4 ili tamam olacaq:
"Təəssüf ki, müharibənin başladığı ilk gündən rus generallar Rusiya prezidenti Vladimir Putini 48 və 72 saatlıq xüsusi hərbi əməliyyatlarla Ukraynada hakimiyyət dəyişikliyinə inandırıb. Lakin müharibənin başlamasından nəinki 48 saat keçib, hətta 4 ili tamamlanır”.
Onun sözlərinə görə, mövcud vəziyyət ondan ibarətdir ki, tərəflər sülhə hazır deyil. Əksinə tərəflərin sülhə baxışı tamamilə ziddir. Moskva işğal etdiyi ərazilərin Rusiya ərazisi kimi tanınmasını, yerdə qalan Ukrayna torpaqlarının üzərində formalaşan dövləti Qərbə inteqrasiyadan imtina edən, bloklara qoşulmayan ölkə kimi tanınmasını, rus dili və rus mədəniyyətinin Ukrayna ərazisində daha üstün mövqeyə çıxmasını tələb edir. Ukrayna tərəfi isə müstəqillik qazandığı vaxtdan indiyə kimi işğal olunan ərazilərinin geri qaytarılmasını sülh üçün vacib şərt hesab edir.

Taleh Əliyev: Bu il müharibənin coğrafiyasının daha da genişlənə bilər
T.Əliyev vurğulayıb ki, indiki məqamda müharibə təkcə Ukrayna torpaqlarında getmir. Eyni zamanda pilotsuz uçuş aparatları vasitəsilə Rusiya və Ukrayna dərinliklərində də hərbi əməliyyatlar aparılır. Bu o deməkdir ki, artıq müharibənin coğrafiyası genişlənib.
Müsahibimizin fikrincə, 2026-cı ildə də Rusiya və Ukrayna arasında davam edən müharibənin sonu görünmür. Dediyinə görə, bunun başlıca səbəbi müharibənin Rusiya-Ukrayna savaşı deyil, məhz Rusiya-Qərb müharibəsi kontekstində təhlil edilməsidir:
“Ona görə də bu il müharibənin coğrafiyasının daha da genişlənə bilər. Çünki dünyanın digər regionlarında baş verən hadisələr istər-istəməz Qərb regionunda baş verən savaşın intensivliyinə təsirsiz ötüşməyəcək. Bu kontekstdə Rusiya-Ukrayna müharibəsinin bu il bitəcəyi barədə danışmaq çox tezdir", - deyə Taleh Əliyev qeyd edib.
Gülşən Şərif
Bakı 




