• Bakı C

    13.62 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Əbu-Dabi görüşü: Normallaşmadan real sülh arxitekturasına doğru

SİYASƏT

04 Fevral 2026 | 14:36

Əbu-Dabi görüşü: Normallaşmadan real sülh arxitekturasına doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb. Bu görüş Azərbaycan-Ermənistan normallaşma prosesinin artıq praktik nəticələr üzərində qurulduğunu göstərən mühüm mərhələ kimi yadda qalıb.

Rəsmi məlumatda vurğulandığı kimi, tərəflər Donald Trampın ev sahibliyi və şahidliyi ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların icrasında irəliləyişi müsbət qiymətləndiriblər. Bu isə göstərir ki, proses təkcə regional deyil, eyni zamanda beynəlxalq diplomatik gündəmin tərkib hissəsinə çevrilib.

Görüşün əsas fərqləndirici cəhətlərindən biri ondan ibarət oldu ki, tərəflər sülhün artıq abstrakt anlayış deyil, real iqtisadi və sosial nəticələr doğurduğunu açıq şəkildə etiraf etdilər. Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsi, üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin təmin olunması normallaşmanın konkret faydalarının mövcud olduğunu göstərir. Bu addımlar regionda uzun illər davam edən qarşılıqlı blokada və izolyasiya siyasətinin mərhələli şəkildə aradan qalxdığını nümayiş etdirir və sülhün gündəlik həyat səviyyəsində hiss olunmasına şərait yaradır.

Eyni zamanda ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi tərəflərin gələcəyə hesablanmış rasional yanaşmasını ortaya qoyur. İqtisadi qarşılıqlı asılılıq münaqişə risklərini azaldan əsas amillərdən biri hesab olunur və bu istiqamətdə atılan addımlar sülhün dayanıqlığını gücləndirə bilər. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan bu mərhələdə təşəbbüskar mövqedə çıxış edir və normallaşmanı yalnız siyasi bəyanatlarla deyil, praktik mexanizmlərlə dəstəkləyir.

Görüşdə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin təşviqi və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi barədə razılıq isə prosesin sosial ölçüsünü ön plana çıxarır. Cəmiyyətlər arasında uzun illər formalaşmış psixoloji baryerlərin aradan qaldırılması siyasi razılaşmalar qədər vacibdir. Humanitar, mədəni və ictimai təmasların artması qarşıdurma yaddaşının tədricən zəifləməsinə və yeni kommunikasiya mühitinin yaranmasına xidmət edir.

Bundan başqa, TRIPP və digər bağlantı layihələrinin müzakirəsi normallaşmanın regional inteqrasiya mərhələsinə keçdiyini göstərir. Bu cür layihələr təkcə Azərbaycan və Ermənistan üçün deyil, daha geniş coğrafiya üçün iqtisadi və logistik imkanlar yarada bilər. Nəticə etibarilə, Əbu-Dabi görüşü tərəflərin sülh və sabitlik istiqamətində səyləri davam etdirmək əzmində olduqlarını bir daha təsdiqlədi və göstərdi ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələ artıq bəyanatlar yox, konkret nəticələr üzərində qurulur.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR