Rusiya Müdafiə Nazirliyi, Ukrayna ordusunun Kursk bölgəsində işğal etdiyi ərazilərin 63,2 faizinin geri qaytarıldığını açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Nazirlikdən yayımlanan məlumatda, Rus ordusunun Kursk bölgəsindəki hərbi əməliyyatlarına dair detallar verilib.
Bəyanatda bildirilir ki, bölgədə Rusiya və Ukrayna ordusu arasında qarşıdurmalar davam edir:
"Kursk bölgəsində düşmənin işğal etdiyi 1268 kvadrat kilometr ərazinin 63,2 faizi, yəni 801 kvadrat kilometri geri alınıb. Şimal Hərbi Qrupu bölmələrinin hücumları nəticəsində yanvar ayının ilk iki həftəsində Aleksandriya, Leonidovo, Russkoye Poreçnoye və Kruglenkoye yaşayış məntəqələri azad edilib. Ukrayna ordusu yanvar ayında Kursk bölgəsində 5600-dən çox əsgərini və 570-dən çox hərbi texnikasını itirib."
Bəyanatda həmçinin qeyd olunur ki, Ukrayna ordusu 6 avqust 2024-cü ildən bu yana Kursk bölgəsində ümumilikdə 52 min 450 əsgər, 304 tank, 231 piyada döyüş maşını, 173 zirehli personal daşıyıcı və 1562 zirehli texnika itirib.
Nuriyyə Musayeva