Rusiya Ukraynanı dəstəklədiyi üçün Yaponiyaya qarşı sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın xarici işlər naziri İvaya Takeşi ilə yanaşı, bu ölkənin 9 vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Sanksiya siyahısına Yaponiyanın Kiyevdəki səfiri Nakaqome Masaşi, Yaponiyanın Kiyevdəki keçmiş səfiri Matsuda Kuninori, ölkənin Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndələri və bəzi biznes rəhbərləri daxildir. Rusiyanın bu addımına münasibət bildirən Yaponiyanın XİN naziri İ. Takeşi bildirib ki, Moskvanın bu qərarı qəbuledilməzdir.
Son zamanlar Rusiya-Yaponiya münasibətlərinin gərginləşməsini nəzərə alsaq, qarşıdakı dövrdə gedişat necə olacaq? Bu gərginlik hansı səviyyəyə qədər davam edə bilər?
Politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu vəziyyət genişmiqyaslı münaqişəyə çevrilməyəcək. Çünki Yaponiya Rusiya-Ukrayna müharibəsi fonunda daha əvvəl Rusiyaya qarşı sərt mövqe tutmuş və Qərblə birlikdə sanksiyalar tətbiq etmişdi.
Onun sözlərinə görə, Rusiyanın Yaponiyanın xarici işlər naziri və bəzi digər şəxslərə qarşı sanksiyalar elan etməsi analoji bir cavabdır. Bu qarşılıqlı tədbirlər bir növ simvolik xarakter daşıyır:
"Yaponiya əsasən ABŞ və Avropa İttifaqı ilə birlikdə hərəkət edir və Rusiyaya iqtisadi təzyiqləri artırır. Rusiya isə buna cavab olaraq diplomatik məhdudiyyətlər və bəzi iqtisadi tədbirlər görür. Ancaq hər iki tərəf üçün münasibətlərin bu məcradan çıxaraq daha da böyüməsi hazırda real deyil. Rusiyanın Yaponiyaya qarşı atdığı addımlar əsasən siyasi mesaj vermək üçündür. Yaponiya artıq Rusiya üçün "dost olmayan ölkələr" siyahısına daxil edilib və Moskva Tokio ilə münasibətləri strateji önəmsiz hesab edir. Digər tərəfdən, Yaponiya da Rusiyaya qarşı sərt siyasət yürüdür, amma tam iqtisadi qırılma yaşamaq istəmir. Məsələn, enerji asılılığı səbəbindən Yaponiya bəzi Rusiya layihələrində iştirakını davam etdirir".
Kamran Məmmədli: Yaponiya daha çox Qərb siyasətinə uyğun siyasətinə davam edəcək, Rusiya isə...
Politoloq hesab edir ki, prosesin nəticəsi kimi Rusiya və Yaponiya münasibətləri daha da soyuyacaq, yeni sanksiyalar və məhdudiyyətlər tətbiq olunacaq. Lakin genişmiqyaslı böhrana və ya hərbi qarşıdurmaya əsla çevrilməyəcək.
"Əsas təsir iqtisadi və diplomatik sahədə hiss olunacaq. Yaponiya daha çox Qərb siyasətinə uyğun siyasətinə davam edəcək. Rusiya isə onu siyasi və iqtisadi cəhətdən sıxmağa çalışacaq", - deyə Kamran Məmmədli qeyd edib.
Gülşən Şərif