Rusiya Smolensk vilayətinin Azərbaycan Milli Konqresinin lideri, Azərbaycan əsilli iş adamı Faiq Əliyev rüşvət vermək ittihamı ilə 4 il həbs cəzası alıb və 8,4 milyon rubl cərimə edilib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Smolensk şəhərinin Leninski rayon məhkəməsi müəyyən edib ki, Faiq Əliyev “Prestij” restoran-mehmanxana kompleksinin faktiki elektrik xərclərini gizlətmək üçün energetiklərə rüşvət verib.
Rüşvət məhkəmə tərəfindən sübuta yetirildiyi kimi 846 500 rubl təşkil edib. Elektrik enerjisi üzrə borclar 994.000 rubl təşkil edib. Cinayət 13 mart 2020-ci il və 6 dekabr 2024-cü il tarixləri arasında törədilib.
Sahibkarın müdafiə komandası hökmdən Smolensk vilayət məhkəməsinə şikayət vermək niyyətindədir. Əliyevin vəkillərindən başqa, Smolensk vilayəti İctimai Palatasının Millətlərarası və Dinlərarası Münasibətlərin Uyğunlaşdırılması Komissiyasının sədri Yelena Ulyanenkova da daxil olmaqla, ictimai müdafiəçiləri də olacaq.
"Mən 28 ildir ki, onunla ictimai işlərdə işləyirəm və onu saysız-hesabsız insanlara kömək edən vicdanlı və layiqli bir insan kimi tanıyıram. 2014-cü ildə o, qaçqınlara kömək edib. Onun ehtiyacı olanlara təmənnasız yardım göstərməsinə minlərlə misal göstərmək olar. O, xususi hərbi əməliyyata təxminən 3 milyon rubl göndərib. 28 ictimai təşkilatın daxil olduğu Milli Konqresin üzvləri Faiq Zakiroviçə qarşı yumşaq cəza tələb edir", - Ulyanenkova bildirib.